Amerikalılar Co Baydenin xarici siyasətini bəyənmir

Amerikalılar Co Baydenin xarici siyasətini bəyənmir Son sorğuların nəticələri Prezident Co Baydenin xarici siyasəti ilə bağlı amerikalıların rəylərində yeni aşağı səviyyələri göstərir. Hazırda ABŞ cəmiyyətində onun administrasiyasının beynəlxalq arenadakı səyləri ciddi tənqid olunur.
Hələ Barak Obamanın prezidentliyi dövründə vitse-prezident kimi mühüm xarici siyasət rolu oynayan və senator qismində 12 il Senatın Xarici Əlaqələr Komitəsində aparıcı fiqur olan Co Bayden hazırda məhz xaotik diplomatiya kursuna görə tənqid atəşinə tutulur. Noyabrda aparılan “Gallup”ın sorğusu göstərib ki, amerikalıların 66 faizi onun xarici siyasətdəki ümumi fəaliyyətini, 58 faizi Ukraynadakı müharibəyə yanaşmasını, 64 faizi isə son İsrail-Fələstin böhranını idarə etməsini bəyənmir. Bu rəqəmlər ABŞ Prezidentinin növbəti seçkilərdə yenidən seçilməsi ehtimalını xeyli azaldır.
Eyni zamanda, noyabrda keçirilən “NBC News” sorğusu seçicilərin 62 faizinin Baydenin xarici siyasət idarəçiliyini bəyənmədiyini, onun nüfuzunun sentyabrdakı anketdən səkkiz bənd aşağı olduğunu göstərib. “NBC News” bildirib ki, seçicilərin 56 faizi onun İsrail-HƏMAS müharibəsinə yanaşmasını bəyənmir.
“Gallup”ın sorğusunda amerikalıların yalnız 32 faizi Baydenin xarici siyasətini bəyənib, lakin onların 68 faizi Demokratlar partiyasının üzvüdür. Müqayisə üçün, bitərəflərin yalnız 28 faizi, respublikaçıların isə cəmi 4 faizi indiki ABŞ administrasiyasının diplomatik kursunu təqdir edib. Ukraynadakı müharibə ilə bağlı müstəqillərin 31 faizi və Respublikaçıların 11 faizi, İsrail-Fələstin böhranında isə müstəqillərin 25 faizi və respublikaçıların 16 faizi Co Baydeni dəstəkləyib.
Demokratların daxilində İsrail və Fələstin münaqişəsi ilə bağlı mübahisələr gedir. “Gallup” və NBC-nin sorğuları göstərir ki, onlar daha çox İsrailin Qəzzada hərəkətlərindən narahat olduqlarını bildirir və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyinə qarşı çıxırlar.
Demokratların və Respublikaçıların Baydenin xarici siyasətinə baxışında Ukrayna məsələsi daha böyük ziddiyyət doğurub. Demokratlar çox güman ki, Baydenin ittifaqları gücləndirməklə Ukraynaya kömək etmək üçün digər ölkələrlə işləməyə vurğu etməsini dəstəkləyəcək. Əksinə, respublikaçılar daha çox birtərəfliliyə üstünlük verirlər.
Bununla belə, son sorğular göstərdi ki, Baydenin xarici siyasət kursu gənc Demokratlar arasında da bəyənilmir. Məsələn, NBC-nin anketinə görə, 18-34 yaş arasında olan seçicilərin 70 faizi Baydenin mühüm beynəlxalq məsələlərlə bağlı mövqeyini qəbul etmir.
ABŞ-da prezident seçkilərinə təxminən bir il qalır. Bu müddətdə çox şey dəyişə bilər və dəyişəcək. 2024-cü ilin payızına qədər Ukraynadakı müharibənin və ya Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətin necə olacağı bəlli deyil. Bu arada yeni xarici siyasət böhranları ortaya çıxa bilər ki, bu da Baydenə seçicilər arasında nüfuz qazanmaq və ya itirmək imkanları təqdim edir.
Respublikaçı namizəd və üçüncü tərəf namizədləri də daxil olmaqla, Baydenə qarşı kimin mübarizə aparmasından da çox şey asılı olacaq. Ekspertlər hesab edirlər ki, bu baxımdan həmişə İsraili müdafiə edən Donald Trampın da özünün hazırkı seçkiqabağı kampaniyasında xarici siyasət üzrə bəyanatları mühüm olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər