Yaponiyadakı zəlzələ bölgəsində 51 nəfər hələ də itkindir

Yaponiyadakı zəlzələ bölgəsində 51 nəfər hələ də itkindir Yeni ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 78-ə çatıb, 51 nəfər hələ də itkin hesab olunur.
Dağıntı altında qalanların xilası üçün vacib olan 72 saatlıq müddətin başa çatmasına az qaldığı üçün itkin düşənlərin sağ tapılması ehtimalı getdikcə azalır. İtkin düşənlər prefekturanın zəlzələdən ən çox ziyan görən Vacima şəhərinin sakinləridir. Ən çox dağıntı elə Vacima şəhərində qeydə alınıb. Yeraltı təkanlardan sonra dağıntılarla yanaşı, şəhərdəki çox sayda tikilidə yanğın da meydana gəlib.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə xilasedicilər, fövqəladə hallar işçiləri ilə yanaşı, Yaponiya özünümüdafiə qüvvələrinin hərbçiləri də cəlb olunub. İlkin mərhələdə 1000 nəfər hərbçi bu işlərə cəlb olunmuşdusa, hazırda onların sayı 4600-ə çatıb.
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.

Tehsil-press.az



Oxşar xəbərlər