Sümbülə Əliyeva haqda qiyabi həbs qərarı çıxarıldı

Sümbülə Əliyeva haqda qiyabi həbs qərarı çıxarıldı 200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva barəsində həbsli axtarış qərarı çıxarılıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mahmud Ağalarovun icraatında araşdırılır.
Təqsirləndirilən şəxs 1 ildir məhkəmə proseslərinə gəlmir. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb.
Hakim qeyd olunan halları nəzərə alaraq çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı verib.
S. Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan 200 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Lakin ibtidai və məhkəmə istintaqı dövründə həbsdə mühakimə edilməsinə zərurət görülməyib.
Cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşan ərəfədə S.Əliyeva istintaqdan yayınıb.
Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər