Qarışqa qədər xoşbəxt ola bilməmək...

Qarışqa qədər xoşbəxt ola bilməmək... Keçmişdə insanlar xoşbəxt olmağa yox, xoşbəxt qalmağa çalışırdılar. Çünki xoşbəxt idilər və istəyirdilər, daim xoşbəxt olsunlar.
İndi isə ani xoşbəxtliyi belə çıraqla gəzirik. Doqquz saat işləyirik ki, dörd saat xoşbəxt ola və yata bilək. Bunu da bacarmırıq.
Səkkiz yaşlı qızım bütün yaşıdları kimi heyvansevərdir, əvvəlcə it istədi, sonra pişik... Məndən səs çıxmadıqca heyvan saxlamağa ümidi azalır, bu azalma saxlamaq istədiyi heyvanların boyunda da hiss olunurdu. Sonra göyərtidən çıxan bir yaşıl qurdu saxlamağa qərar verdi.
Yaşıl qurd vəzəri yeyirdi. Yaxşı da yeyirdi. Çox yaşayacağına ümidim yox idi, ancaq məni heyrətləndirdi. Şüşə qabda yeddi gün yaşadı. Qızım hər gün şüşədə qıvrıla-qıvrıla gəzən, bəzən şahə qalxan yaşıl qurdu gətirib mənə də göstərirdi.
Altıncı gün dedi ki, qurd iki gündür yemir. Diqqətlə baxanda gördüm ki, ona vəzəri əvəzinə kişniş atıblar. O isə vəzərinin son qırığını da qucağına alıb və şüşə qabın kiçik bir küncünə tor çəkərək içinə çəkilib. Artıq gec idi.
Təbii, sabah elə o torun içində də öldü. Qıvrılıb qaralmışdı. Toru yaşıl idi.
Üstünə tor çəkib ölən qurd mənə Andre Moruanın yarım səhifəlik “Qarışqalar” hekayəsini xatırlatdı. Hekayə zoo mağazada qulluğu əziyyətsiz heyvan axtaran qadından bəhs edir. Satıcıdan bir neçə heyvana qulluq barədə maraqlanan qadın məsuliyyətdən qaçıb qapıdan çıxmaq istəyəndə kolbayabənzər şüşədə qırmızı qarışqalar görür. Satıcıdan qarışqalara qulluq barədə maraqlanır. Satıcı deyir ki, bu qarışqalar heç bir qulluq tələb etmir, nə su, nə təmizləmə... Yalnız 15 gün fasilə ilə kolbaya bir ədəd buğda atmaq lazımdı. Qarışqalar öz su və yem tədarükünü həmin buğdadan götürür.
Qadın bu qədər rahat qulluğa inanmır, satıcı ona qarışqalara qulluğun çox arahat olduğunu bir daha izah edir.
Qadın qırmızı qarışqaları ucuz qiymətə alıb sevinə-sevinə evinə gəlir. Satıcıdan eşitdiklərini ağız dolusu ərinə danışır.
Kolbaya iki dənə buğda atır. Sabah durub birini də atır. 10 gün sonra təkrar baxır, görür ki, qarışqalar hələ yalnız bir buğdanın başından azca yeyiblər.
Xanım bir ay sonra kolbaya təkrar bir buğda atır. Beləcə o, yavaş-yavaş qarışqaları unutmağa başlayır.
Beş aydan sonra şüşədə sağ qalan son işçi qarışqa qənaətlə qoruyub saxladığı son qırıq buğdanı da ağır-ağır başının üstünə qaldırır, ailə başçısı olan qarışqanın qabağına qoyur, özü də şüşənin kənarına çəkilib ölür.
Ən mötəbər mətnlərdə yaradılanların əşrəfi sayılırıq. İxtiyarı olan yeganə canlıyıq, ancaq nəsə çatmır... O çatışmayan nəsnə bizi bütün canlılar arasında ən acizi edir. Şüşənin kənarına yaşıl tor çəkib ölə bilən bir qurdun belə məndən xoşbəxt olduğunu hiss edirəm. İnsan bəzən özünə həbs axtarır, bir kvadrat gəzir ki, onun çərçivəsindən yapışıb xoşbəxt olmağa çalışsın.
İnsan Yer planetinə yaraşmır. Biz yaşıl tor yarada bilmirik, yaratdığımız buludlara sancılan beton çıxıntılardır. Çayları daşıyıb şəhərin içinə yığırıq, sonra xoruldayan maşınlarda sürət yığıb həmin betonlara çırpılıb ölürük.
Biz son tikəsini də qanunauyğunluqla missiyasına qurban verib əsalətlə ölən qarışqa qədər həşəmətli ola bilmirik.
İnsan Yer planetinə yaraşmır.
Bu yaraşmazlıq Hollivud filmlərində Cənub-Şərqi Asiyada güllələnən qaradərili amerikan əsgərlərinin həmin meşələrə yaraşmadığı ölçüdədir. Həmin filmlərdə Vyetnamda addımbaşı güllələnən qaradərili Amerika hərbçilərini görəndə düşünürdüm ki, onlar ayrı coğrafiyada qaralıblar, ona görə də bu yaşıl meşələrdə gizlənə bilmirlər.
Bəli, insan bəzən kvadrat gəzir ki, içinə uzanıb səmaya baxsın. Kənarlarını unuda bilsə, bəlkə ulduzlardan nəsə başa qana. Necə ki, Xudu Məmmədov deyirdi, məhdudiyyət kəşfin anasıdır.
Yəqin siz də görmüsüz, bəzən rejissorlar axtardıqları obrazla rastlaşdıqda onun kadrda necə görünəcəyini təyin etmək üçün hər iki əlinin baş və şəhadət barmaqlarından kvadrat düzəldib həmin dəlikdən obrazının üzünə baxır.
Bütün rejissorlar beləcə qərar verə bilir, lakin insanın çərçivədə görünüşünün niyə sərbəst görünüşündən fərqləndiyini bilmir.
Sənət adamları bu sözləri çox eşidir “kadr səni sevir”, “kamera səni sevir”, “fotogeniksən”...
Niyə bəzi insanlar həyatda gözəldirlər, ancaq fotolarda, videolarda gözəl görünmürlər. Bəziləri də əksinə...
İnsan siması xarakterinin ekranıdır. Fiziki və mənəvi – bütün üstünlüklər və çatışmazlıqlar üzdə yer alır.
Daxili orqanların problemlərinin üzdə inhikası heç kəsə sirr deyil, məsələn, gözaltı qaralan, torbalanan şəxslərdə böyrək problemi var və s.
İş bununla bitmir, üz mənəvi problemlərin, mənəvi nailiyyətlərin, şüuraltı bazanın da aynasıdır.
Təbiətlə vəhdətdə gözəl olan, özünü baş verən proseslərin bir hissəsi hesab edən insanlar adətən kadra yaxşı düşmür. Çünki rejissorun əli ilə qurduğu həmin dəlik də, kameraların obyektivləri də bu cür insanları təbiətdən, ətraf rənglərdən ayırır. Həmin insanların üzü, səsi, gözləri təbiətlə vəhdətdə tamam ayrı cür rəngdə, ahəngdə olur, çərçivələnəndə isə tamam ayrı.
Kadr adətən eqolu adamları sevir. Bütün prosesin onun ətrafında cərəyan etdiyini düşünən özündənrazı insanlar isə yalnız efirə yaxşı düşürlər. Çünki çərçivə onları özlərinin çoxdan ayırdıqları ətrafdan rəsmən ayrı saxlayaraq obrazlarını tamamlayır.
Bəli, insan bəzən kvadrat gəzir ki, içinə uzanıb səmaya baxsın. Necə ki, bunu 2017-ci ildə dünyanın ən möhtəşəm kino mükafatını “Qızıl Palma Budağı”nı qazanan “Kvadrat” filminin rejissoru öz obrazına etdirmişdi. Problemsiz və intəhasız skandinav ölkələrində sərhədsizlikdən gəbərən və xoşbəxtliyin əsla sərhədsizlik olmadığını anlayan Kristian sonda şəhərin mərkəzində yerə rəngli işıq lampalarından kvadrat çəkərək həmin çəmbərin içinə uzanır.
Çox istərdim ki, mətnlərim izah, cavab yox, sual olsun. Müəllif hökmdar kimi bildiyi şeylərdən hökm verməli deyil, daha çox cavabını tapmadığı sualları oxucu ilə bölüşməlidir. Çünki yazarın sənəti və bu sənətə uyğun dünyagörüşü, düşüncəsi var, ancaq oxucu bəlli deyil, içində alim də var, azyaşlı da. Ona görə mən oxucumu bu mətnlə kontaktda tərk etmək istəyirəm. Çünki mən qidalanmaya təkcə fiziki proses kimi yox, həm də təbiətin, ən gözəl nemətlərin bizim içimizdən keçməsi prosesi kimi baxıram. Eləcə də mətn təkcə bilgi deyil, həm də canlıdır, sənin, mənim bədənimdə yaşamağa, böyüməyə, xoşbəxt olmağa çalışan orqanizm.

Tehsil-press.az

Oxşar xəbərlər