AMEA-nın Direktorlar Şurasının iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının ilk iclası keçirilib.
Iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, direktor müavinləri və aidiyyəti şəxslər iştirak ediblər.
Akademik İsa Həbibbəyli şuranın ilk iclasının əlamətdar dövrə təsadüf etdiyini, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə ölkəmizin yeni tarixi dövrə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, ölkəmizin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir şəraitdə keçirilən seçkidə xalqımız öz liderinə səs verdi və İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ölkəmizin yeni tarixi mərhələyə qədəm qoyduğunu deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, hazırda qarşımızda duran başlıca vəzifə Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində söylədiyi kimi, gələcək dövr üçün milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsində aktiv iştirak etməkdən ibarət olmalıdır və bu xüsusda Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşür. Akademik İsa Həbibbəyli dövlətimizin başçısının sözügedən tapşırığının icrası istiqamətində AMEA-nın Rəyasət Heyətində ilkin müzakirələrin aparıldığını və milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün elmi müəssisələrdə alimlərin iştirakı ilə növbəti müzakirələrin keçiriləcəyini bildirib.
AMEA-da dövlətimizin başçısının və müasir dünya elminin çağırışları, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələrək tədqiqatlar aparıldığını bildirən akademik İsa Həbibbəyli akademiyanın hazırda yeniləşmə yolunda inamla addımladığını vurğulayıb. Qeyd edib ki, yeniləşən akademiya istiqamətində növbəti addım kimi AMEA-da idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, meydana çıxan problemlərin səmərəli həll yollarının axtarılması, AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması, təcrübə mübadiləsinin aparılması, elmi tədqiqat işlərinin müasir tələblərə uyğun aparılması üçün yeni mexanizmlərin işlənib-hazırlanması, birgə elmi və elmi-texniki tədbirlərin təşkili, əmək intizamının tənzimlənməsi məqsədilə Direktorlar Şurası yaradılıb.
İclasda Direktorlar Şurasının hüquq və vəzifələri, eləcə də fəaliyyət istiqamətlərini əks etdirən Əsasnamə layihəsi müzakirəyə çıxarılıb və Əsasnamənin təsdiq olunması üçün AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib. Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər. İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.
Tədbirdə müzakirələrdə AMEA-nın vitse-prezidentləri - akademik Rasim Əliquliyev və akademik Gövhər Baxşəliyeva, həmçinin AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər