“Uşaq pulu verilməlidir” - Sosioloq doğum statistikasındakı azalmanın mümkün fəsadlarından DANIŞDI

“Uşaq pulu verilməlidir” - Sosioloq doğum statistikasındakı azalmanın mümkün fəsadlarından DANIŞDI Dövlət Statistika Komitəsinin açıqladığı son statistikaya görə, 2024-cü ilin yanvar-may ayları ərzində 41 608 yeni körpə doğulub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% və ya 4 936 körpə azdır.

Doğulanların 53,1%-i oğlan, 46,9%-i qızdır. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəmdir.

Doğum statistikasındakı azalmanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan sosioloq Əhməd Qəşəmoğlu bunu qlobal tendensiya hesab etdiyini deyib:

“Beynəlxalq təşkilatlar əhalinin artım tempinin azalmasında maraqlıdır. Proqnozlara görə, 2050-ci ildə planetimizdə əhalinin sayı o qədər artacaq ki, Yer kürəsinin resursları insanlara yetməyə bilər. Mənə qalarsa, bu, yanlış proqnozdur. Alimlər Yerin potensialından düzgün istifadə yolunu tapmalıdırlar. Bu yollar tapılsa, problem yaranmayacaq. Gigər bir amil isə insanların savadlılıq göstəricisi ilə bağlıdır. Adətən təhsil səviyyəsi yüksək olan ölkələrdə doğum faizi aşağı düşür. Tendensiya belədir ki, təhsilli şəxslər çox uşaqlarının olmasını istəmirlər”.

Sosioloqun sözlərinə görə, Azərbaycanda üçuşaqlı ailə modelinin tətbiqi yaxşı təşəbbüs ola bilər:

“Azərbaycanda üçuşaqlı ailə modelinin tətbiq edilməsi çox yaxşı olar. Çünki ailədə bir uşaq olanda ölkə əhalisinin sayı azalır. Əhalinin azalması beynəlxalq təşkilatlara xoş gələ bilər, amma ölkə üçün yaxşı perspektiv vəd etmir. Əgər əhalinin sayında azalma müşahidə olunursa, ölkəyə miqrantların axını başlayır ki, bu da həmin ölkədəki etnik tərkibi dəyişir. Etnik tərkib dəyişəndə isə xeyli problemlər yaranır. Bu gün bir çox Avropa ölkələri məhz bu problemi yaşayır”.

Sosioloq üçuşaqlı ailə modelinin təşviqində təbliğatın yetərli olmadığını düşünür:

“Bu modelin uğurla tətbiq olunması üçün elmi fəaliyyət planı olmalıdır. Bu fəaliyyət planın tətbiqi üçün qaydalar işlənib hazırlanmalıdır. Biz bu məsələdə yubanırıq, bu istiqamətdə ciddi çatışmazlıqlarımız var. Bizim institutlar, elmi mərkəzlər problemlə bağlı təhlillər aparmalıdırlar. Bizdə bu boşluq var. Eyni zamanda bununla bağlı dövlətin konkret fəaliyyət proqramı olmalıdır”.

Ekspert 3 uşaqlı ailə modelinin təşviqi baxımından uşaq pulunun verilməli olduğunu düşünür:

“Yalnız təbliğatla nəyə nail olacağımıza inanmaq gülməlidir. Burada sosial müdafiə məsələləri var. Hər bir ölkədə bu kimi proseslər stimullaşdırılır. Axı 3 uşağı böyütmək üçün ailənin maddi imkanları da olmalıdır. Odur ki, uşaq pulunun tətbiqi mütləqdir. Uşaq təkcə valideynin deyil, həm də dövlətindir. Dövlət isə əhalinin azalmasının qarşısını almaq üçün indidən hərəkətə keçməli, konkret fəaliyyət planı hazırlamalıdır.”.

Tehsil-press.az

Oxşar xəbərlər