Gənc tətqiqatçı Çində keçirilən beynəlxalq təlimdə iştirak edib

Gənc tətqiqatçı Çində keçirilən beynəlxalq təlimdə iştirak edib AR ETN Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin doktorantı Elnarə İsgəndərli Çin Xalq Respublikasının Ningbo şəhərində “Ningbo University–COMSTECH Joint Program in Aerospace Biomedicine & Pharmaceuticals, and Artificial Intelligence” adlı beynəlxalq təlim proqramında iştirak edib.

Təlimlər aerokosmik biotibb, müasir biokimyəvi tədqiqatlar, farmasevtik innovasiyalar və ənənəvi Çin təbabəti üzrə Çinin tanınmış alimləri və qabaqcıl mütəxəssisləri tərəfindən aparılıb. Sessiyalarda, xüsusilə, süni intellektin biotibbi sahələrə tətbiqi, diaqnostika və dərman inkişafı proseslərində AI əsaslı həllərə dair geniş məlumat təqdim edilib.

Proqram çərçivəsində iştirakçılar ənənəvi Çin təbabəti əsasında məhsullar istehsal edən müəssisələri ziyarət edib, eləcə də Ningbo Universitetinin yüksək səviyyəli laboratoriyaları və müasir tədqiqat infrastrukturu ilə tanış olublar.

Təlimin bir hissəsi olaraq iştirakçılar İnnovasiyalar Mərkəzinə də səfər ediblər. Burada onlara Çin universitetlərinin startaplara dəstək mexanizmləri, ideyaların kommersiyalaşdırılması prosesləri və gənc tədqiqatçıların inkişafı üçün yaradılan ekosistem haqqında ətraflı məlumat verilib.

Tədbirin sonunda Elnarə İsgəndərli Botanika İnstitutunun elmi istiqamətləri, bitki ehtiyatları üzrə tədqiqat potensialı və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib. O, həmçinin çinli alimlərlə gələcək birgə tədqiqat layihələri üçün əməkdaşlıq sahələrini müzakirə edib.

Tehsil-press.az

Oxşar xəbərlər