Azərbaycan İlahiyyat İnstitutu Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Azərbaycan İlahiyyat İnstitutu Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyənin ali təhsil müəssisələri ilə görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq, müasir təhsil metodlarını öyrənmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.
Səfər çərçivəsində Ankara Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri Başqanlığı və Təhsil Nazirliyində bir sıra görüşlər keçirilib. Görüşlərdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Nümayəndə heyətimiz Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Tərəflər arasında elm, təhsil və digər sahələri əhatə edəcək uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq və mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Həmçinin tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Aİİ-nin rektoru Ceyhun Məmmədov Türkiyənin “Diyanət” televiziyasına müsahibə verib.
Qeyd edək ki, Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir. Səfərin məqsədi ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələrin genişləndirilməsidir.

Aİİ-nin Mətbuat Xidməti


Azərbaycan İlahiyyat İnstitutu Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Oxşar xəbərlər