Hakim olmaq istəyənlər üçün - Yeni qayda

Hakim olmaq istəyənlər üçün - Yeni qayda Azərbaycanda hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi hakim vəzifəsinə namizədlərin seçilməsi və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəaların təkmilləşdirilməsini nəzərdə tutur.

Layihədə vakant hakim vəzifələrinin qisa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur.

Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaqdır. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara təklif olunan dəyişikliklərlə məhkəmə hakimlərinin fəaliyyəti qiymətləndiriləcək.

Layihəyə əsasən, Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların peşə hazırlığının artırılması üzrə ehtiyacların müəyyən edilməsi işinin aparılması məqsədilə formalaşdırılan orqandır.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti bu Qanunla, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası ilə tənzimlənir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər