Gürcü müxalifətinin arzusu - “İvanişvilinin sonu”

Gürcü müxalifətinin arzusu - “İvanişvilinin sonu” Gürcüstan müxalifəti Tiflisin mərkəzində keçirdiyini izdihamlı mitinqdən sonra xeyli ümidlənib. Əsas şüarı “Gürcüstan Avropanı seçir” olan aksiyada ölkə prezidenti Salome Zurabişvili ilə yanaşı, Gürcüstanın məşhur musiqiçiləri də iştirak ediblər.

Müxalifət oktyabrın 26-da qələbə qazanacağına inanır və indiki iqtidarın müqavimət göstərməsi halında xalqı mübarizəyə hazırlamağa səsləyir.

Yürüş iştirakçıları hələ aksiya başlamazdan əvvəl əsas tezislərini açıqlayıblar: Gürcüstan Rusiyanın “əyaləti” olmamalıdır və ölkədəki bütün pisliklər “Gürcü arzusu”ndan qaynaqlanır.

İnsanlar oktyabrın 26-nın Bidzina İvanişvilinin və onun siyasi rejiminin hakimiyyətinin sonunun başlanğıcı olduğuna bir-birini inandıraraq, Gürcüstanın və Avropa Birliyinin nəhəng bayraqlarını açıblar. Üstəlik, hər şey ruhlandırıcı vətənpərvərlik mahnılarının müşayiəti ilə baş verib. Batumi, Qori və ölkənin digər yaşayış məntəqələrində də müxalifətin mitinqləri keçirilib.

“Biz təkpartiyalı hakimiyyətdən imtina edəcəyik, qütbləşmə ilə, qarşılıqlı nifrətlə vidalaşacağıq, çünki indi dayandığımız və alternativsiz olan yol inkişaf, sülh, təhsil yoludur. Sizin qorxacağınız bir şey yoxdur, çünki siz doğru yoldasınız, biz də düz yoldayıq”, - Zurabişvili mitinqdə çıxış edərkən deyib.

Öz növbəsində, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski mitinq ərəfəsində bildirib ki, gürcülər özləri və uşaqları üçün necə gələcək istədiklərinə qərar verməlidirlər. “Hər birinizin Gürcüstanın Aİ-yə üzv olmasını istəyib-istəmədiyinizə qərar vermək imkanı olacaq... Biz öz tərəfimizdən sizi salamlamağa hazırıq. Biz Gürcüstanın Aİ-yə üzv olmasına hazırıq, lakin bu, hamımıza aid olan qayda və prinsiplərə əsaslanmalıdır... Bu qaydalar çox aydındır: azadlıq, demokratiya, qanunun aliliyi, insan haqları. Bu qaydalar Aİ müqavilələrində nəzərdə tutulub və müzakirə mövzusu deyil”, - səfir qeyd edib.

Onun sözlərinə görə, rəsmi Tiflis xarici agentlər və cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı qanunları ləğv etməsə, ölkə Aİ-yə daxil ola bilməyəcək. Bundan əlavə, qarşıdan gələn seçkilər ən yüksək Avropa standartlarına cavab verməlidir, əks halda gürcülər iqtisadi yardımın dondurulması halında xoşagəlməz nəticələrlə üzləşə bilər. Yəni Brüssel indiki hakim partiyanın mümkün qələbəsini mikroskop altına qoymağa hazırlaşır.

ABŞ-ın Gürcüstandakı səfiri Kennet Yaloviç bəyan edib ki, gürcü xalqının avtoritarizm və demokratiya arasında seçim etmək qarşısında qaldıqda, düzgün seçim edəcəyinə inanır.

Diplomatın sözlərinə görə, “Gürcü arzusu” tam fəaliyyət azadlığı əldə etmək üçün təkpartiyalı sistem qurmaq istəyir. Bu halda Tiflis də Rusiya ilə dostluq etməyə çalışacaq, lakin bu, 2008-ci il müharibəsinin təkrarı ilə yekunlaşacaq.

Bu arada “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvili iddia edir ki, Avropaya inteqrasiyanı pozmaqda günahkar onun təşkilatı deyil, onun əleyhdarlarıdır. “Cəmiyyəti parçalamaq, iğtişaşlar və dövlət çevrilişləri təşkil etmək, dövlətə qarşı təxribat törətmək üçün davamlı cəhdlərlə Gürcüstana, o cümlədən avrointeqrasiya baxımından xeyli ziyan vurublar”, - İvanişvili oktyabrın 19-da Kutaisidə seçki mitinqində çıxış edərkən deyib.

Eyni zamanda o, müxalifəti “köksüz cinayətkarların son sığınacağı” adlandırıb və deyib ki, “Gürcü arzusu”nun konstitusiya çoxluğunu əldə etməsi lazımdır.

“Gürcü Arzusu”nun yaradıcısının fikrincə, müxalifətin müqavimətini qırdıqdan sonra Avropaya gedən yolda bütün maneələr aradan qalxacaq və 2030-cu ildə Gürcüstan Aİ-yə daxil olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər