Laçınlılar doğma torpaqlarına qayıdacaqlarına əmindirlər

Laçınlılar doğma torpaqlarına qayıdacaqlarına əmindirlər Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.

Tehsil-press.az xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlar Taxtakörpü qəsəbəsində şəhidlərin xatirə kompleksi önünə əklil və gül dəstələri qoyaraq, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini yad ediblər.
Laçın Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli çıxış edərək, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, mühüm strateji əhəmiyyətə malik Laçın rayonunun işğalının ağır nəticələrindən danışıb. Bildirib ki, işğal nəticəsində rayonunun 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi, 13 min 745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə müəssisəsi, 250-dən çox 54 tarixi və dini abidə talan edilərək dağıdılıb. Əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iribuynuzlu, 200 min başdan çox xırdabuynuzlu heyvan və minlərlə arı ailəsi qarət edilib. Rayona ümumilikdə 7,1 milyard ABŞ dolları həcmində ziyan dəyib.
İşğal nəticəsində 60 minə yaxın laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 59 şəhər və rayonunda məskunlaşıb. Qarabağ müharibəsində 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb. Torpaqlarımızın müdafiəsində xüsusi şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə çıxış edənlər 24 il əvvəlki acı hadisələri xatırladıb, erməni faşizminin xalqımıza qarşı törətdikləri cinayətləri insanlığa sığmayan vəhşilik adlandırıblar. Ata-baba yurdlarını bir an belə unutmadıqlarını deyən laçınlılar dövlətimizin başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı apardığı siyasəti dəstəklədikləri bildirib, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən Laçın rayonunun azad olunacağına əminliklərini ifadə ediblər.


Laçınlılar doğma torpaqlarına qayıdacaqlarına əmindirlərLaçınlılar doğma torpaqlarına qayıdacaqlarına əmindirlər


Tehsil-press.az

Oxşar xəbərlər