Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan konfransda Azərbaycan və Türkiyənin çoxsaylı ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının tədqiqatçı alimləri və MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri iştirak ediblər.
Öncə Ümummilli lider Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açıb. O, çıxışında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının çoxşaxəli cəhətlərindən danışmış, onun irsinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verildiyini vurğulayıb. Xüsusilə, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin irsinə göstərdiyi diqqətdən bəhs edən prorektor şairin milli düşüncə, ana dili və vətənpərvərlik ideyalarının müasir gənclərin tərbiyəsindəki rolunu xüsusi qeyd edib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı çıxış edərək Bəxtiyar Vahabzadənin yubileyinin Şəkidə qeyd olunması xüsusilə əhəmiyyətli olduğunu bildirib. O, bu cür mötəbər elmi-mədəni tədbirə ev sahibliyi etməyin Şəki üçün həm məsuliyyət, həm də qürur mənbəyi olduğunu vurğulamış, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə çıxışında görkəmli şairin ziyalı mövqeyini, təhsilə və milli irsə verdiyi dəyəri xüsusi vurğulamış, MDU-nun belə konfransda təşkilatçı kimi iştirakının universitet üçün xüsusi əhəmiyyətin kəsb etdiyini bildirib. O, konfransın türk dünyasının elmi-mədəni inteqrasiyasına töhfə verdiyini və Bəxtiyar Vahabzadənin zəngin irsinin yeni tədqiqat aspektlərinin öyrənilməsinə xidmət etdiyini qeyd edib.
Daha sonra çıxış edən Mahmud Kaşqari Beynəlxalq Fondunun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, ADPU-nun Quba filialının direktoru prof. Yusif Əliyev, Naxçıvan Dövlət Universitetinin prorektoru dos. Elsevər Əsədov, İKSAD-ın baş direktoru Dr. Mustafa Lətif Əmək və digər qurumların nümayəndələri çıxışlarında Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı, dilə və ədəbiyyata bağlılığı müxtəlif aspektlərdən təqdim olunub.
Açılış mərasimi iştirakçıların və tələbələrin təqdimatında hazırlanmış bədii hissə ilə davam edib, sonda xatirə şəkilləri çəkdirilib.
VII Beynəlxalq elmi konfrans 21-22 iyun tarixlərində bölmə iclasları ilə davam edib. Bölmələr üzrə təqdim olunan məruzələrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı, dilçilik, ədəbiyyat, pedaqogika, fəlsəfə, tarixi kontekstlərdə araşdırmaları, milli kimlik və vətənpərvərlik məsələlərinin təhlili geniş müzakirə olunub. Konfransda Azərbaycan, Türkiyə, Makedoniya, Rusiya, Liviya, Hindistan, Nigeriya, Rumıniya, İtaliya, Özbəkistan və Banqladeş daxil olmaqla 11 ölkədən 200-dən çox tədqiqatçı iştirak edib, ümumilikdə 150-dən artıq elmi məruzə təqdim olunub. MDU-nun 10-dan çox alimi də konfransda məruzələrlə çıxışlar ediblər.
Tehsil-press.az