Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK...

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK... əsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə deyilmi? Lakin bu yaxın gələcəkdə Azərbaycanda enerji siyasətinin reallığına çevrilə bilər.

Son günlər ölkə gündəmini zəbt edən “sabit tarif” məsələsi əslində yeni bir mərhələnin başlanğıcı ola bilər. Dövlət qurumları bu modeli daha ədalətli yük bölgüsü kimi təqdim etsə də bunu gizli qiymət artımı və ya əlavə maliyyə yükü kimi qiymətləndirənlər də var.

Bəs sabit tarif nədir? Bu sistemin üstünlükləri və riskləri hansılardır?

Sabit tarif nədir və niyə gündəmə gəldi?

Sadə dillə desək, sabit tarif istifadəçinin xidmətə çıxış imkanı əldə etdiyi üçün ödəniş etdiyi standart məbləğdir. Yəni vətəndaş elektrik enerjisini və ya qazı istifadə etməsə belə həmin sistemin mövcud saxlanılması üçün müəyyən bir məbləğ ödəyəcək.

Bunu tanış bir nümunə ilə izah etmək olar. Taksidə olduğu kimi. Taksiyə əyləşdiyiniz andan etibarən sayğac açılır və siz hələ hərəkət etməmiş olsanız belə xidmət haqqı hesablanır. Sabit tarif də məhz bu prinsiplə işləyir.

Energetika nazirinin müavini Samir Vəliyev buna izah verərkən bildirib ki, sabit tarifin əsas funksiyası yükü həm istifadə edən, həm də etməyən bütün abonentlər arasında bərabər şəkildə bölüşdürməkdir. Məsələn, bir binada 10 mənzil varsa, bu mənzillərdən yalnız 8-i istifadə olunursa belə, transformator və digər mühəndis kommunikasiya xətləri bütün 10 mənzilin ehtiyacına uyğun qurulur. Belə olan halda, yalnız aktiv 8 mənzilin bu xərci ödəməsi ədalətsizlik yaradır.

Nə üçün “ədalətli bölgü” deyilir?

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov sabit tarifin tətbiqini “xərc əsaslı tarif metodologiyasının” tərkib hissəsi kimi təqdim edib. Onun sözlərinə görə, burada məqsəd vətəndaşlardan əlavə ödəniş toplamaq deyil, infrastrukturun saxlanması ilə bağlı mövcud xərclərin daha ədalətli formada bölüşdürülməsidir.

Təsəvvür edin, 2 abonent eyni səviyyədə - məsələn, ayda 300 kilovat-saat enerji istifadə edir. Amma müəyyən dövrdə bu abonentlərdən biri mənzildə yaşayır, digəri isə yaşamır. Enerji infrastrukturunun (transformator, şəbəkə xətti, xidmət avadanlığı və s.) qurulması hər mənzilə uyğun hesablanıb. Nəticədə real istifadə yalnız 1 abonent tərəfindən edilsə də, onların hər biri yükü bölüşür.

Bağ evləri prizmasından baxdıqda sabit tarif məsələsi daha da aktuallaşır. Belə ki, minlərlə bağ evi və yay mövsümündə istifadə olunan fərdi yaşayış sahələri var ki, bu evlər ilin böyük bir hissəsində ya ümumiyyətlə istifadə edilmir, ya da çox minimal enerji sərfi ilə kifayətlənir.

Hazırkı tarif sistemində bu evlərin sahibləri yalnız faktiki istifadə etdikləri qədər enerji və ya qaz üçün ödəniş edirlər. Yəni, əgər vətəndaş bağ evində elektrik və qazdan istifadə etmirsə o zaman heç bir ödəniş etmədən ayı başa vurur. Ancaq sabit tarif tətbiq edildikdə bu mənzillər və ya evlərin sahibləri aylıq sabit bir məbləğ ödəmək məcburiyyətində qalacaqlar.

Bunu belə də izah etmək olar. Restoranda yemək yeyirsiniz, yeməklə yanaşı qab-qacağın da pulunu verirsiniz.

Abonentlər niyə narahatdır?

Cəmiyyətin sabit tarif anlayışına ehtiyatla yanaşmasının əsas səbəblərindən biri sualların çox, cavabların isə hələ də qeyri-müəyyən olmasıdır. Tətbiq edilmək istənilən bu modelin texniki mahiyyəti izah olunsa da, onun real həyatda vətəndaşlara necə təsir edəcəyi ilə bağlı konkret və əhatəli açıqlamalar hələlik verilməyib.
Ən çox səslənən və cavab gözləyən suallardan biri budur: Sabit tarifin məbləği nə qədər olacaq? Bu ödəniş aylıq olaraq hər kəs üçün bərabər olacaqmı, yoxsa istifadə səviyyəsinə, gəlir dərəcəsinə və ya sosial statusa görə diferensiallaşdırılacaqmı?

İkinci vacib məsələ sabit tarifin ödəniş strukturunda necə təqdim olunacağıdır. Yəni bu məbləğ ayrıca bir bənd kimi göstəriləcəkmi, yoxsa ümumi enerji ödənişinin bir hissəsinə inteqrasiya ediləcək? Əgər vətəndaş bu ödənişin konkret nəyə görə tutulduğunu aydın şəkildə görməzsə, bu da əlavə narazılığa səbəb olacaq.
Üçüncü önəmli sual xidmət keyfiyyəti ilə bağlıdır. Əgər vətəndaş əlavə ödəniş edəcəksə təbii olaraq bu ödənişin qarşılığında daha stabil enerji təchizatı, tez-tez yaşanan fasilələrin azalması və ümumi xidmət səviyyəsinin yüksəlməsini gözləyəcək. Əks halda bu yalnız “boşuna verilmiş pul” kimi qəbul ediləcək.

Sabit tarifdən kim qazanacaq, kim itirəcək?

Bu sistemdən əsas çox fayda görən enerji təchizatçıları olacaq.

Mütəxəssislərin fikrincə, sabit tariflərin tətbiqi enerji sektorunda xidmət göstərən qurumlar üçün ciddi üstünlüklər yaradır. Bu model təchizatçı qurumların maliyyə gəlirlərinui sabitləşdirəcək, büdcə planlamasını asanlaşdıracaq və idarəetmədə qeyri-müəyyənlikləri aradan qaldıracaq.

Bu gün bəzi ünvanlarda enerji istifadə olunmasa belə həmin obyektlər üçün transformatorlar, qaz xətləri, kabellər mövcuddur. Sabit tarif bu vəziyyəti kompensasiya edir. Yyəni istifadə olunmasa belə həmin ünvana çıxış olduğu üçün sistemin saxlanması üçün ödəniş edilir. Bu isə təchizatçı üçün daha sabit gəlir, maliyyə planlamasında dəqiqlik və idarəetmədə səmərəlilik deməkdir.

Lakin bu mexanizmin vətəndaş üçün real nəticələri sabit tarifin məbləğindən birbaşa asılı olacaq. Əgər bu ödəniş aşağı - rəmzi səviyyədə olacaqsa anlayışla qəbul edəcək. Amma tarif yüksək və ailə büdcəsinə nəzərəçarpacaq yük formasında təyin olunarsa, bu narazılıqla qarşılana bilər.

Eyni zamanda, aktiv istifadəçilər üçün də müəyyən üstünlüklər yaradır. Bu gün bütün xərclər yalnız istifadə edənlərin üzərinə düşür. Sabit tarifin tətbiqi ilə sistemə qoşulan, lakin istifadə etməyən obyekt sahibləri də müəyyən qədər məsuliyyət daşıyacaq və bu, xərclərin daha bərabər bölüşdürülməsini təmin edəcək.
Lakin bu modelin yük gətirəcəyi qruplar da var. Bunlar əsasən boş mənzillər, yay mövsümündə istifadə edilən bağ evləri və ya kirayəyə verilməyən obyektlərdir. İndiyədək bu obyektlər enerji istifadə etmədikləri halda ödəniş etmirdilər. Yeni model bu "sıfır ödəniş" dövrünü bağlayacaq və sistemə çıxış varsa, ödəniş də olacaq prinsipi tətbiq ediləcək.

İkinci və daha həssas qrup – aşağı gəlirli ailələrdir. Əgər sabit tarifin məbləği rəmzi yox, real yük səviyyəsində təyin edilərsə, bu zaman əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün əlavə maliyyə gərginliyi yaranacaq.

Üçüncü qrup isə – sistemə etimadı zəif olan vətəndaşlardır. Əgər onlar hiss etməsələr ki, bu ödəniş qarşılığında daha sabit enerji, daha yüksək xidmət keyfiyyəti əldə edirlər, sadəcə texniki izahla razı qalmayacaqlar. Vətəndaş haqlı olaraq soruşacaq: “İstifadə etmədim, niyə ödəyirəm?”

Rəsmi qurumlar birmənalı şəkildə yeni modelin tarifləri artırmayağaını bildirilər.

Xarici ölkələrin sabit tarif təcrübəsi

Sabit tarif anlayışı artıq bir çox ölkələrdə enerji təchizatının ayrılmaz hissəsinə çevrilib.

Almaniyada bu sistem “Grundpreis” və “Arbeitspreis” adlı 2 hissədən ibarət tarif strukturu ilə həyata keçirilir. Grundpreis adlanan sabit ödəniş istehlakdan asılı olmayaraq aylıq 8–15 avro arasında dəyişir və şəbəkənin işlək vəziyyətdə saxlanması üçündür. Faktiki enerji istifadəsi isə ayrıca hesablanır. Beləliklə, enerji sisteminə çıxışı olan hər bir istifadəçi istifadə etməsə də sabit ödənişi yerinə yetirir və bu da infrastrukturun davamlı maliyyələşməsini təmin edir.

Fransada da oxşar model tətbiq edilir. Dövlət enerji şirkəti EDF istifadəçilərə bir neçə tarif seçimi təqdim edir. Onlardan bəziləri sabit aylıq haqq qarşılığında daha aşağı tarifləri təklif edir. Bu sistem daha çox enerjidən istifadə edən ailələr üçün əlverişli hesab olunur.

ABŞ-da da sabit tarif komponentləri demək olar ki, bütün ştatlarda mövcuddur. Burada sabit ödənişlər “fixed charge” adı altında təqdim olunur. Bu ödənişlər əsasən təchizat xətlərinin, sayğac xidmətlərinin və şəbəkənin ümumi işləkliyinin təmin olunmasına yönəlib. Hətta öz günəş enerjisini istehsal edən və enerji sistemindən minimal istifadə edən abonentlər də bu sabit xərcləri ödəmək məcburiyyətindədirlər. Məsələn, Kaliforniyada bu məbləğ 10–15 dollar arasında dəyişir.

İtaliya və Niderlandda da oxşar sabit tarif mexanizmləri mövcuddur. İtaliyada “canone” adlı sabit ödəniş sistemi tətbiq olunur. Bu, enerji istifadə edilməsə belə ödənilir və infrastrukturun maliyyələşdirilməsinə yönəlir. Niderlandda isə bu sabit ödəniş “vastrecht” adlanır və aylıq olaraq 20–25 avro civarında olur. Bu məbləğ şəbəkə çıxışı və texniki xidmət xərclərinin qarşılanması məqsədilə tətbiq edilir.

Türkiyə uzun illərdir bu modeli tətbiq edir. Elektrik və qaz fakturalarında “abonman ücreti” və “dağıtım bedeli” adlanan sabit komponentlər yer alır. Bu ödənişlər istifadədən asılı olmadan aylıq olaraq alınır və adətən 20–30 türk lirəsi civarında olur. Bu məbləğlər rəsmi qaydada təsdiqlənir və ictimaiyyətə açıq elan olunur. Türkiyədə bu sistem həm təchizatçıların davamlı maliyyələşməsini təmin edir, həm də istehlakçılara stabil və keyfiyyətli xidmət göstərilməsi məqsədi daşıyır.

Xarici təcrübədən çıxarılan əsas nəticə budur ki, sabit tariflər dünya üzrə geniş tətbiq olunur və bu, enerji sisteminin dayanıqlılığı üçün vacib element hesab edilir. Azərbaycan bu sistemi tətbiq etmək niyyətindədirsə ilk növbədə ictimaiyyətə aydın izahat verilməli, sabit tarifin məqsədi və mahiyyəti izah olunmalı, vətəndaş hansı xərclər üçün nəyə görə ödədiyini başa düşməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər