Veranı xoşbəxt edən bir fotonun sirri

Veranı xoşbəxt edən bir fotonun sirri Yevlağın mərkəzi baş küçəsində kiçik və görkəmsiz foto atelye vardı . Məişət evinə aid bu atelye müştəriləri az olduğu üçün aylıq planı güclə doldururdu ..Foto atelyeni işlədən rus qadını Vera planı doldura bilməməsindən hər zaman gileylənərdi .Bir dəfə burada yaşlı və nurani bir kişi şəkil çəkdirir . Qısasaqqallı və arıq kişinin fotosu o qədər ürəyəyatan alınır ki, Vera küçəyə baxan pəncərəyə reklam üçün vurulmuş fotolardan birini qoparıb ,təzə fotoşəkli onun yerinə yapışdırır . Vera fikirləşir ki,hər halda məişət evinin qarşısından yaşlı insanlar da keçirlər . Qoy onlar da görsünlər ki,onların fotoları da belə yaraşıqlı alına bilər . Amma ,böyük uğurları çox zaman qabaqcadan planlaşdırmaq olmur
...Ayın sonunda Veranı idarəyə çağırıb ona təşəkkürnamə və pul mükafatı verirlər . Səbəb ondaydı ki,Veranın pəncərəyə yapışdırdığı şəkli almaqdan ötrü küçədən keçənlər fotoatelyeyə girir və həmin fotodan almaq istədiklərini dilə gətirirdilər . Vera bu sirli şəklin kimə aid olduğunu anlaya bilmirdi ...Vera ümumiyyətlə nə baş verdiyini anlaya bilmirdi .Dəli kimi olmuşdu ..Pullar xəzəl kimi başından tökülürdü .Təşəkkürnamələr ,pul mükafatları ..Bir neçə aydan sonra isə bu görkəmsiz fotoməkan yenidən təmir edilərək səliqəli və gözəl, hər cür rahatlığı olan bir atelyeyə çevrilir ...

Veranı xoşbəxt edən fotoşəkildəki nurani kişi Seyid Yusif Ağaydı ...

Seyid Yusif Ağa 1926 –cı ildə Bərdənin Canavarlı kəndində anadan olub ,atası kənddə əkinçililə məşğul olurdu .Cənubi Azərbaycandan o biri həmvətənləri kimi Bərdəyə gündəlik dolanışıq ardınca gələn Seyid Hüseyn bir qədər kənddə çalışdıqdan sonra həmişəlik Bərdədə qalmağa qərar verir və Canavarlı kəndində özünə kiçik bir ev tikir .Seyid Hüseyn əvvəllər Seyid nəslindən olduğunu gizlətsə də möcüzələr özünü çox gözlətmir .Qısa bir zamanda Təbriz ətrafından gəlmiş seyid haqqında pıçhapıç söhbətlər ətraf kəndlərə yayılır ...Adamlar yavaş –yavaş Seyid Hüseynin evinə ayaq açmağa ,onun kəramətinə üz tutmağa başlayırlar. Adi əkinçi evi ziyarətgaha çevrilir. Sovet dönəminin dinə qarşı sərt və vahiməli qadağaları adamları ilk vaxtlar məcbur edirdi ki,Seyid Hüseynin evinə gecələr gəlsinlər. İnsanlar bu ziyarətgahdan istək və arzularına qovuşmağını diləyirdilər. Bu diləklərin hasil olması isə Seyid Hüseyn ziyarətgahının nüfuz və hörmətini artırırdı. O, ömrünün sonunadək sadə kəndli həyatı yaşadı və 1946-cı ildə haqqa qovuşdu. Ölümünü bir neçə gün əvvəldən hiss etdiyini danışırdılar. Bir gün taxıl biçinindən evə qayıdır və əlindəki çini həyətin bir küncünə ataraq “səninlə qurtardım” deyir. Arvadına və iyirmi yaşlı gənc övladı Yusifə üç gün ərzində evdən çölə çıxmamalarını tapşırır. Bunu da nəql edirlər ki,gənc Yusif atasının vəfat edəcəyini bir il əvvəl yuxusunda görmüşdü.
Atasının vəfatından sonra , insanlar Seyid Yusif Ağaya pənah gətirməyə başlayırlar. O da atası kimi kənd təsərrüfatı işlərilə məşğul olur və eyni zamanda qapısına gələnləri naümid qaytarmırdı .Bütün Qarabağ və Azərbaycanın Qərb bölgəsində xüsusi nüfuz və hörmət sahibi olan Seyid Yusif Ağaya o zamankı yerli hakimiyyət qurumları xoş münasibət bəsləməsə də, sonradan bu bəstəboy,xoşrəftarlı və nurlu kişiyə onların da hörmətini qazanmaq müyəssər olur .Seyid Yusif Ağaya yaşadığı çevrədə böyükdən kiçiyədək demək olar ki,hamı hörmət və sevgiylə yanaşırdı .Bu müqəddəs duyğularla süslənmiş arıq,bəstəboy və nur qoxulu kişinin ocağına kimlər üz tutmurdu ...Övladı ali məktəbə qəbul olanlar ,övlad dünyaya gətirənlər,həyatlarında şəxsi problemlər yaşayanlar, bir sözlə niyyət və arzularının hasil olmasını istəyənlər üçün bir müqəddəs ünvan vardı –Seyid Yusif Ağa ocağı ...Seyid Yusif Ağanın ocağı və Seyid Yusif Ağanın adı...Onun adı da and yeri idi ... Seyid Yusif Ağanın cəddi haqqı ...Cədd baba demək imiş .Bunu uşaqlıqda mən və həmyaşıdlarım dərk eləmir və hardasa maddi bir əşya kimi qavrayırdıq ...Bütün avtobuslarda, bütün evlərdə ,dükan və bazarlarda Veranın çəkdiyi Seyid Yusif Ağanın fotoları yapışdırılırdı ...Uzaq Rusiyaya yola düşənlər döş ciblərinə Seyid Yusif Ağanın şəkillərini qoyurdular. Seyid Yusif Ağa və eləcə də başqa Seyidlərin varlığı sosialist quruluşunun və sosialist ideyalarının hakim olduğu onilliklərdə bir növ Azərbaycanda Seyidlik İnstitutunu formalaşdırırdı. ..Şablon ideyaların əsirinə çevrilmiş insanlar ruhani nəfəslik həsrətindəydilər . Quruluş dinə meyllənən adamları sərt cəzalandırırdı . Ziyarətgahlara, pir və ocaqlara üz tutanlar isə zaman keçdikcə cəzalardan kənarda qalmağı bacarırdılar. Bunun bir yeganə səbəbi isə, quruluşa xidmət edən vəzifə sahiblərinin özlərinin də seyidlərdən vahiməli bir şəkildə ehtiyatlanması olmuşdu ..Seyid Yusif Ağanın həyatında onun yerli hakimiyyət nümayəndələriylə toqquşma epizodları da az olmamışdı. Amma onun hər zaman işlətdiyi bir cümlə olardı ; “Mənim üç adamdan xoşum gəlməz,ailəsinin, xalqının və millətinin yolunu gözləməyən adamdan ”
Sovet dövrü Bərdə rayonunun birinci katibi vardı –Mikayıl Nəbiyev .Müharibədən sonrakı illəriydi . Bərdədə dəhşətli quraqlıq hökm sürürdü .O zaman meliorasiyanın zəif inkişaf eləməsi məhsul verməsi gözlənilən torpaqların vaxtlı vaxtından suvarılmasını çətinləşdirirdi . Bir dəfə gənc Yusiflə qəfildən rastlaşan birinci katib onu hədələyir ki,əgər seyidsənsə yağış yağdırmalısan . Yox yağdıra bilməyəcəksənsə ,onda səninlə başqa dildə danışacağam . Hər zaman yerli hakimiyyət rəhbərlərinin yolunu gözləyən gənc Yusif nə edəcəyini və nə deyəcəyini bilmir .Birinci katibdən aralaşıb Canavarlıya yaxınlaşmışdı ki,qəfildən leysan yağışı başlayır . Və Bərdənin məhsuldar torpaqları suya qərq olur .Bu hadisədən sonra Seyid Yusif Ağaya münasibət xeyli dəyişir .Bərdənin əfsanəvi birinci katibi Rüstəm Səfərəliyevin rəhbərliyi dövründə isə belə bir ənənə vardı ki,toxum səpini zamanı Seyid Yusif Ağaya xahiş olunurdu ki,o səpin aparılan torpaqların kənarında dayanıb məhsulun bol olması üçün xeyir –duasını əsirgəməsin . Bu sanki məhsuldarlığın mənəvi sığortası deməkiydi .
Onun ocağında Azərbaycanın xeyli sayda görkəmli şəxsiyyətləri qonaq olurdular ,qurbanlıq qoyunlar kəsirdilər . Onun səliqəli və sadə kənd evi vardı . Müsbət enerjinin ,mərhəmətliliyin hakim olduğu bu evin həyətində hər gün yüzlərlə insanın adına qurbanlıq qoyunlar kəsilir və süfrələr açılıırdı . Seyid Yusif Ağanı ağsaqqal kimi tez –tez elçiliklərə ,küsülüləri barışdırmağa və qan yatırmağa ,təzə evlənənlərə xeyir-dua verməyə aparırdılar .Yenə təkrar edirəm ki, bir ağsaqqal kimi aparırdılar . Onun bir şəxsiyyət kimi sirri həm də onun cazibədar görünüşə malik olmasında və xüsusi bir aura yaratmasındaydı .Olduqca astadan danışmasına baxmayaraq hamı onun səsini eşitməyə ,sözlərinə diqqətlə qulaq asmağa çalışırdı . Harda görünürdüsə ,hamı onun üzərinə qaçışırdı .Dəfələrlə şahidi olmuşdum ki,Yevlağa gələrkən avtomobil sahibləri maşınlarını saxlayıb səbr və ehtiramla onun yol keçməsini gözləyirdilər . Seyid Yusif Ağanın ayaq basdığı yerdə dərin ailə münaqişələri ,qan düşmənçilikləri barış yoluyla həllini tapırdı . İnsanpərvərliyi və rəhmdilliliyi vardı . Kasıb və fəqir insanlara qarşı xeyirxahlığı vardı . 1992-ci ildə Kəlbəcərin itirilməsi ona çox pis təsir eləmişdi . Vaxtilə Kəlbəcər yaylaqlarına qalxıb istirahət eləməyi çox sevirdi . Kəlbəcərin işğalından sonra bir neçə kəlbəcərli ailəsinə öz ocağında sığınacaq verdi . Onların dərdini öz dərdi kimi yaşadı. Yalançı seyidlərdən heç xoşlanmazdı . Həmişə deyərdi ki,seyidlər dörd cür olur .Birinci seyidlər qaraçı seyidlərdi ,yol kənarında dayanıb dilənmək üçün bu müqəddəs adı üzərlərinə götürüblər .İkinci seyidlər fırıldaqçılardı . Onlarçün qənimət hər yerdə tapılır . Nəhayət əsl seyidləri xatırladardı ;-Hüseyni və Həsəni Seyidlərini . Özünü əslən İran Azərbaycanından olduğu üçün Hüseyni Seyidlərindən sayırdı . İlk dəfə onunla üzbəsurət 1998-ci ildə görüşmüşdüm .O zaman “Panorama” qəzetində çalışırdım . Nurlu və xoş siması bu günkü kimi yadımdadı .Çox yorğun görünsə də ,yorğun görsənməyini büruzə verməməyə çalışırdı .Onun səhhəti çox yüklənirdi . Hər gün min bir dərdlə,problemlə yanına gələn insanların dərdini suçəkən kimi çəkmək asan məsələ deyildi .Haqqında yazdığım məqaləni onunçün oxumuşdular ,çox bəyənmişdi . Sonralar Seyid Yusif Ağayla bir dəfə də görüşdüm . Bu dəfə tez-tez xəstələnməsindən söz açırdı. Həqiqətən də çox zəifləmişdi .Üzünə xəfif kədər kölgəsi çöksə də ,simasındakı nurlu cizgilər olduğu kimi qalırdı . ..
2005-ci ilin avqust ayının 26-da dünyasını dəyişdiyini eşitdim ...Vəfatından bir neçə il sonra məzarı üzərində ölkə prezidenti İlham Əliyevin tapşırığıyla yüksək memarlıq nümunəsi sayılan məqbərə ucaldıldı . Bu isə ölkə prezidentinin dini və mənəvi dəyərlərə bir daha sədaqətli olmasına daha bir səmimi nümunəydi ...Bu yerdə özlüyümdə yəqinləşdirdiyim bir fikri sizlərə çatdırım .Seyid Yusif Ağa zənnimcə ,özünün saysı-hesabsız möcüzələriylə yalnız bir Seyid rütbəsi daşıyan şəxs deyildi . O həm də, yüksək mənəvi ideallar daşıyıcısı olmuşdu . O,öz davranışıyla,sadə və səmimi söhbətləriylə,adamlara doğru yol göstərməsiylə insanların dərin və sönməz məhəbbətini qazanmağa müvəffəq olmuşdu . Təsəvvür edin ,onun yanına gələn kənd adamlarına torpağı əkib –becərməyi öyrədir ,heyvanlara qulluq göstərilməsiylə bağlı göstərişlər verirdi ,yaxşı əkilib –becərilməyən alaq basmış torpaq gördükdə sahibini çağırıb danlayardı .Onu bir dəfə Yevlağın Səmədabad kəndinə toya ,təzə evlənənlərə xeyir-dua vermək üçün çağırmışdılar .Kəndin kənarındakı pambıq sahəsini alaq basmış halda gördükdə əsəbiləşib toyda çörək kəsməmişdi . Adamların təsərrüfata laqeydliyi ona pis təsir edirdi . Qonşu haqqının ,ata-ana haqqının ,torpaq ,vətən haqqının hər zaman müqəddəs olmasını diqqətə çatdırırdı . Torpaqların işğalı ona rahatlıq vermirdi. Onun ziyarətgahına üz tutanlar ,ondan razı və mənəvi cəhətdən yüngülləşmiş halda ayrılırdılar ...Bir avqust günündə isə o bizdən ayrıldı ...Bəlkə də nigaran ayrıldı,kim bilir ,amma,onu qəbir evinə saya-hesaba gəlməyən insan kütləsi yola saldı ...

Oğlu Seyid Hüseynin “Axırıncı döngə” şerindən bir parça

Adam var eldən gedir ,
Adam var evdən gedir.
Evdən gedənlər üçün ,
Sadəcə ev yaddaşı.
Biri kirkirə daşı,
Biri dəyirman daşı.
Qəribədir ,görəsən ,
Kim üçündür bu hasar.
Nə üçündür bu güllər ?
Ruhlar gül iyləmirlər .
Boş yerə hər qəbirə ,
Sərf olunan dəmirlər .
Ruhlar da bizim kimi ,
Köləlik istəmirlər ...
...Səndən xeyli o yana ,
Bu tənhalıq içində
Mənim qulağım çəkən ,
Bir səs var –
Quran səsi .
Bir də növbəyə duran
Ölülərin kölgəsi
Bir də insan ömrünün
Axırıncı döngəsi.

Teymur Mahmudov

Oxşar xəbərlər