BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransında Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatı qəbul olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransında Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatı qəbul olunub Sentyabrın 2-də “EkoSfera” Ekoloji-Sosial Mərkəzin təşkilatçılığı, Bakı Dövlət Universiteti (BDU) və “SEA BREEZE Resort”un birgə tərəfdaşlığı, "Caspian International Broadcasting Company - CBC"nin informasiya dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan - 2025”in ikinci günü keçirilib.

“LCOY Azerbaijan -2025”in ikinci günündə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ölkəmizdə COP29-un keçirilməsinin qlobal iqlim diplomatiyasında mühüm tarixi hadisə olduğunu qeyd edərək, gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini vurğulayıb. O, Azərbaycan gənclərinin iqlim gündəminə dair təşəbbüslərinin yalnız milli səviyyədə deyil, beynəlxalq arenada da böyük əks-səda doğuracağını, qlobal siyasətin formalaşmasına töhfə verəcəyini bildirib. Muxtar Babayev çıxışında BDU-nun iqlim dəyişmələri və dayanıqlı inkişaf üzrə fəaliyyətin qurulmasında, gənclərin bu istiqamətdə fəal iştiraklarının təmin olunmasında roluna toxunub.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Tural Abbasov, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-zadə çıxışlarında gənclərin iqlim məsələlərinin həllində, davamlı gələcəyin qurulmasında mühüm rol oynadıqlarını vurğulayıblar.

Sonra “İqlim və dayanıqlı gələcək: gənclərin baxışı” və “İqlim dəyişmələri və dayanıqlı infrastruktur” mövzularında panel müzakirələri təşkil olunub. Sessiyalarda dövri iqtisadiyyat və ekoinnovasiyalar, biomüxtəliflik və ekosistemlərin bərpası, ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, tullantılardan dəyər yaratmaq, sosial ədalət, yaşıl iş yerləri, su təhlükəsizliyi və QHT-lərin roluna dair təqdimatlar dinlənilib.

Tədbirin yekununda Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatının (National Youth Statement - NYS) ilkin variantı müzakirə edilərək qəbul olunub.

Sözügedən sənəd COP30 (Braziliya) çərçivəsində təqdim ediləcək Qlobal Gənclər Bəyanatına töhfə olacaq.

Qeyd edək ki, “LCOY Azerbaijan - 2025”in rəsmi açılış mərasimi və ilk sessiyaları sentyabrın 1-də Bakı Dövlət Universitetində keçirilib. Bu konfrans gənclərin milli və beynəlxalq iqlim proseslərində daha fəal rol almasına zəmin yaradan mühüm bir platforma kimi yadda qalacaq.

Tehsil-press.az

Oxşar xəbərlər