Mingəçevir şəhər prokuroru Mingəçevir Dövlət Universitetində Konstitusiya Gününə həsr olunmuş konfransda məruzə ilə çıxış edib

Mingəçevir şəhər prokuroru Mingəçevir Dövlət Universitetində Konstitusiya Gününə həsr olunmuş konfransda məruzə ilə çıxış edib 2025-ci ilin 12 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Şəhərin məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi konfransda ilk dəfə olaraq, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Pərvin Quliyev də məruzəçi qismində iştirak edib.

Prokuror “Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası – vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır” mövzusunda çıxışında 1995-ci ildə qəbul edilən Konstitusiyanın müstəqil dövlət quruculuğunda dönüş nöqtəsi olduğunu bildirib. O qeyd edib ki, sənəd hüquqi sabitliyin, idarə prinsiplərinin və vətəndaş hüquqlarının möhkəm əsasını formalaşdırıb.

Pərvin Quliyev vurğulayıb ki, Konstitusiya azad, demokratik və hüquqi dövlətin təməlini qoyub, onun 158 maddəsindən 57-si insan hüquq və azadlıqlarına həsr olunub.

Çıxışında həmçinin 11-ci maddədə təsbit olunan ərazi bütövlüyü prinsipinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təmin edildiyi qeyd olunub.

O, hüquq-mühafizə orqanlarının Konstitusiyanın prinsiplərinin qorunmasında və vətəndaşların hüquqlarının təminində mühüm rol oynadığını, bu istiqamətdə universitetlərlə birgə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, MDU-da keçirilən bu konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan silsilə tədbirlərdən biridir. Tədbirdə şəhər prokurorunun məruzəsi gənclər arasında hüquqi biliklərin artırılması və konstitusiya dəyərlərinə hörmətin formalaşdırılması baxımından böyük maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər