Türkiyə və Ermənistan arasında keçid məntəqəsi növbəti ilin əvvəlində açıla bilər. Bu barədə Modern.az-a Türkiyənin Ermənistanla sərhədindəki Ağrı vilayətində fəaliyyət göstərən jurnalist Nihat Aydın məlumat verib.
O qeyd edib ki, Türkiyə-Ermənistan münasibətləri, istər siyasi, istərsə də digər müstəvidə, həmçinin sadə vətəndaş səviyyəsində Azərbaycanın Ermənistana qarşı mövqeyi ilə eynidir. Jurnalist qeyd edir ki, 2026-cı ilin yanvarında Ermənistanla sərhəddə olan Alican qapısı açılacaq. Onun sözlərinə görə, keçid məntəqəsində hazırlıq işləri görülür.
Onun sözlərinə görə, Qarabağ azad ediləndən sonra Paşinyan Türkiyənin də böyüklüyünü qəbul edib. Təsadüfi deyil ki, Ermənistan hökuməti rəsmi sənədlərində, o cümlədən pasportlara vurulan möhürlərdə Ağrı dağının təsvirini ləğv edib.
Türkiyə parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım isə bildirib ki, sərhədin açılacağı tarix hələ müəyyən deyil və bu, Azərbaycanla bağlı məsələdir. Onun sözlərinə görə, Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər aparılmalıdır: “Bizim bu işlərə baxan rəsmi nümayəndələrimiz Ermənistanla bir neçə dəfə danışıqlar aparıblar. Lakin keçid məntəqələrinin nə zaman açılacağı barədə dəqiq tarix razılaşma yoxdur”.
Rəsmi Ankara daha əvvəl də bəyan edib ki, Zəngəzur dəhlizinin açılması və yekun sülh müqaviləsinin imzalanmasından asılı olaraq quru sərhədlə bağlı qərar qəbul ediləcək. Lakin hazırda ortada davamlı bir sülh prosesi var, İrəvan Bakı və Ankaraya doğru addımlar atır, bundan qaçış yoxdur.
Bu mənada konstitusiyaya düzəliş edilməmiş və digər gözləntilər reallaşmamış gələn ilin yanvarı sərhədlər açıla bilərmi? Azərbaycan buna necə yanaşmalıdır?
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi ən çox müzakirə olunan məsələlərdən biridir: “Faktiki olaraq tərəflər öz üzərinə düşən bir sıra işləri görüblər və texniki dəyərləndirmələr aparılır. Nəzərə alsaq ki, Ermənistanın və Türkiyənin müvafiq səlahiyyətli nümayəndələri bu istiqamətdə dəfələrlə görüşlər keçiriblər. O cümlədən türkiyəli diplomat Sərdar Kılıçın son olaraq İrəvana səfərini və Ermənistan rəsmiləri ilə keçirdiyi görüşləri də xatırlayırıq. Bu görüşlərin keçirilməsi iki ölkə arasında münasibətlərin sürətlə normallaşması istiqamətində atılan addımlardan hesab olunur. Amma bununla yanaşı Türkiyə tərəfi rəsmən bəyan edib ki, sərhədlərin açılması ilə bağlı konkret tarixin bəyan edilməsi doğru deyil. Çünki Türkiyə Ermənistanla normallaşma prosesini Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması ilə əlaqələndirir. Azərbaycanla Türkiyə arasında bu istiqamətdə koordinasiyalı bir fəaliyyət həyata keçirilir. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ilk növbədə Azərbaycanın razılığı ilə olmalıdır”.
Onun sözlərinə görə, Azərbaycanın isə Ermənistan qarşısında müəyyən şərtləri var: “Əsas tələb Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvidir. Bunun üçün Ermənistanda referendum keçirilməlidir. Əgər Ermənistan hakimiyyəti bunu sürətlə həyata keçirəcəksə o zaman Türkiyə ilə sərhədlərin açılması da mümkün ola bilər. Amma sərhədlərin seçkilərə qədər açılması nəzəri baxımdan mümkün ola bilər yalnız o halda ki, Ermənistandakı siyasi vəziyyətdən asılı olaraq Azərbaycanın razılığı ilə Türkiyə belə bir addımı ata bilər. Türkiyə tərəfindən atılacaq addımlar hökmən Azərbaycanla əlaqələndirilmiş addımlar olacaq”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanın qanuni şərtləri qəbul edilmədən Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasını təsəvvür etmək mümkün deyil: “Əvvəla Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması şərtləri ortaya qoyulub. Şərtlərdən biri o idi ki, Ermənistan Azərbaycanın torpaqlarını işğala son qoymalıdır, torpaqlar azad edilməlidir. Biri isə odur ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır və kommunikasiyaların açılması ilə eyni vaxtda Ermənistanla Türkiyə arasında keçidin açılması da baş verməlidir. Bu şərtə əməl olunmadan sərhədlərin açılması Ermənistanın sadəcə mövqeyini gücləndirə bilər və Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması məsələsini gecikdirə bilər. Ona görə də yəqin ki, bu amili nəzərə alırlar hazırda sərhədin açılması barədə düşünmürlər. Türkiyə hesab edir ki, sərhədin açılması üçün zamanı düzgün seçmək lazımdır. Türkiyə rəsmilərinin əvvəlki mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanmasını gözləmək lazımdır. Sülh sazişinin imzalanması üçün isə gərək Paşinyan gələn ilin iyun ayında parlament seçkilərində qələbə çalıb sonra yeni konstitusiya qəbul etməlidir. İyun ayına qədər Ermənistanda hadisələrin necə inkişaf edəcəyi, hansı hadisələrin baş verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir”.
Onun bildirdiyinə görə, bu səbəbdən Türkiyə sərhədin açılması məsələsində hələ bir müddət də gözləmə mövqeyində qalacaq: “Türkiyə Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilən zaman Ermənistanla sərhədlərini bağladı və işğal davam etdiyi müddətdə açmadı. Türkiyə Azərbaycan torpaqlarını azad etdikdən sonra da haqlı olaraq Ermənistanla sərhədi açmaq məsələsində Azərbaycanın istəklərini, maraqlarını nəzərə alır. Türkiyə rəsmiləri bəyan edirlər ki, Ermənistanla Azərbaycan arasında birinci növbədə sülh sazişi imzalanmalıdır və Azərbaycana qarşı əsas qanunlarında ərazi iddiası ləğv edilməlidir”.
Qeyd edək ki, sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Ermənistan və Türkiyə arasındakı sərhəd - keçid məntəqəsinə erməni sərhədçilər nəzarət edir. Belə ki, rus əsgərləri Marqara sərhəd - keçid məntəqəsindən çıxarılıb.
1991-ci ildə SSRİ-nin dağılması ilə Ermənistan müstəqillik qazanır. Ermənistan Türk-Sovet sərhədindəki hissəsini miras alır. Türkiyə Ermənistanın müstəqilliyini tanımasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər dərhal kəskinləşib və sərhəd bağlanıb. Türkiyə Ermənistana dəstək verən erməni millətçilərinin Türkiyənin şərqindəki irredentist iddialarına, eləcə də Ermənistanın qondarma soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq səylərinə qarşı çıxır. Münasibətlər 2000-ci illərin son illərində bir az yumşalıb və nəticədə sərhədin yenidən açıla biləcəyini nəzərdə tutulan Sürix protokollarının 2009-cu ildə imzalanması ilə nəticələnib. Ancaq danışıqlar durdurulub və sərhəd qapalı olaraq qalıb.
Tehsil-press.az



