Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılarının elmi məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə iki nüfuzlu elmi bazadan – “Ongoing Research Index” və “JoVE” platformalarından sınaq müddətində ödənişsiz istifadə imkanı əldə edib.Dünyanın ilk resenzentli elmi video məlumat bazası olan “JoVE” elmi məqalələri video formatında təqdim edən və 30.000-dən çox eksperimental və tədris xarakterli videonu özündə birləşdirən beynəlxalq elmi resursdur. Platforma həm tədqiqatçılar üçün resenzentli eksperimental metod videoları, həm də müəllim və tələbələr üçün tədris materialları təqdim edir. “JoVE” məzmunu “PubMed”, “Scopus” və “Web of Science” kimi aparıcı elmi bazalar tərəfindən indekslənir. Onun əsas üstünlüyü laboratoriya proseslərini vizual şəkildə göstərərək eksperimentlərin daha dəqiq və təkrarlana bilən şəkildə aparılmasını təmin etməsidir. Platformaya 15 yanvar 2026-cı il tarixinədək https://app.jove.com/access linki vasitəsilə daxil olaraq məlumat bazasından istifadə etmək mümkündür.
“Ongoing Research Index” məlumat bazası isə universitetlərin akademik heyətinin tədqiqat fəaliyyətinə kömək məqsədilə 160 000-dən çox cari dissertasiyaları və illik maliyyəsi 30 milyard ABŞ dollar həcmində təxminən 380 000-dən çox əlaqə məlumatları olan tədqiqat layihələri ilə əməkdaşlıqlar etmək imkanı yaradır. Platforma tədqiqatçılara və akademik ictimaiyyətə cari vaxtda davam edən tədqiqatları izləmək, trendləri müəyyənləşdirmək, əməkdaşlıq və ortaq maliyyələşmə imkanları yaratmaq imkanı verir. Bu isə universitetlər üçün strateji qərarların hazırlanması, tədqiqat göstəricilərinin yenilənməsi və reytinqin yüksəldilməsi baxımından əvəzsiz resursdur. Platformaya çıxış 18 dekabr 2025-ci il tarixinədək www.OngoingResearchIndex.com linki vasitəsilə mümkündür.
Hər iki beynəlxalq bazanın elektron resurslarından yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (AzKİK) üzv olan respublikanın 14 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə bilərlər.
Tehsil-press.az

