Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib

Anhui Universitetinin Azərbaycanşünaslıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Anhui əyalətinə səfər çərçivəsində Anhui Universitetində Azərbaycanşünaslıq Mərkəzini ziyarət edib. 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanşünaslıq Mərkəzində xüsusi tədbir təşkil edilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin həyatı və çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Videomaterialda Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət quruculuğu ənənələrinin formalaşdırılması, milli ideologiyanın inkişafı və ölkənin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü tarixi işlər təqdim olunub.

Həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycan–Çin münasibətlərinə verdiyi strateji önəm və iki ölkə arasında dostluq əlaqələrinin inkişafındakı rolu xüsusi vurğulanıb.

Azərbaycanşünaslıq Mərkəzi Azərbaycanın mədəni irsini, tarixini və elmi potensialını Çin ictimaiyyətinə tanıtmaq məqsədilə fəaliyyət göstərən mühüm elmi-mədəni mərkəzdir. Burada Azərbaycanla bağlı tələbə və tədqiqatçılar üçün araşdırma imkanları yaradılır. Səfər çərçivəsində BDU nümayəndə heyəti Mərkəzin kitabxanasının zənginləşdirilməsi məqsədilə Azərbaycan tarixi, mədəniyyəti və müasir elmi nailiyyətlərini əhatə edən kitablar təqdim edib.

Ziyarət zamanı nümayəndə heyətinə Mərkəzin fəaliyyəti və həyata keçirdiyi elmi layihələr barədə məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycanın elm və mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına və Azərbaycan–Çin elmi-mədəni əməkdaşlığının inkişafına xüsusi töhfə verir.

Sonda rektor Elçin Babayev iki ölkə arasında elmi və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və gələcəkdə birgə layihələr, proqramlar və təşəbbüslər üçün yeni imkanların araşdırılacağını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər