Bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqlarının davamlı olması üçün müəyyən addımlar atılmalıdır: “Bu baxımdan, neqativ hal ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisəsinin illik gəlirləri, maliyyəsi tələbə sayına bağlıdır. Bu da bir neçə böyük problem yaradır. Məsələn, maddi olaraq ali təhsil müəssisələrinin böyüməsini məhdudlaşdırır. Bu baxımdan, dövlət sifarişli təhsilin diferensiallaşması zərurəti yaranır”.
Bəs tələbə sayının azalması müəllim heyətinin ixtisarı ilə nəticələnə bilərmi? Dövlət sifarişli təhsilin diferensiallaşdırılması hansı meyarlar əsasında aparılacaq? Təhsil haqqı ödəyən tələbələr üçün qiymət artımı riski varmı?Tələbə sayının azalması ali təhsilə əlçatanlığı məhdudlaşdıra bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Musavat.com-a danışıb. O bildirib ki, biz əmək bazarı üçün kadr hazırlığını həyata keçirərkən cəmiyyət olaraq ümumilikdə yalnız ali təhsilə yönəlmişik:
“Bunun isə kifayət qədər dərin və tarixi köklərə söykənən səbəbləri mövcuddur. Belə ki, biz peşə və kollec təhsilini yetərli hesab etmir, birbaşa ali təhsil tələb edirik. Halbuki elə idarə və iş yerləri var ki, həmin sahələrdə peşə təhsili tamamilə kifayət edir, yaxud kollec təhsili həmin vəzifələrin icrası üçün yetərlidir.
Ali təhsilin alınması ilə bağlı cəmiyyətimizdə müəyyən psixoloji travma formalaşıb. Bunun əsas səbəbi isə sovet dövrünə gedib çıxır. Həmin dövrdə ali təhsil müəssisələrinə qəbul olduqca çətin idi, hər kəs ali təhsil ala bilmirdi. Əgər kimsə ali təhsil alırdısa, bu, cəmiyyətdə yüksək bir status, xüsusi bir üstünlük kimi qəbul edilirdi və həmin şəxs digərlərindən bir qədər fərqləndirilir, sosial baxımdan yüksəldilirdi. Bu yanaşma uzun illər şüuraltı şəkildə formalaşaraq bu günə qədər gəlib çıxıb.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra test üsulunun tətbiq edilməsi ilə paralel olaraq ölkə vətəndaşları üçün ali təhsilin əlçatanlığı təmin olundu. Son illərdə isə ümumiyyətlə, plan yerlərinin sayı sürətlə artıb. Artıq demək olar ki, son 3–4 il ərzində ali təhsil müəssisələrində plan yerlərinin sayı 50 mindən çoxdur. Məsələn, təkcə son 2 il ərzində 60 mindən artıq şəxs ali təhsilin bakalavr pilləsinə, 10 mindən çox şəxs isə magistratura pilləsinə qəbul olunub. Yəni ümumilikdə 70 mindən artıq vətəndaşımız ali təhsil müəssisələrinin qazananları sırasında yer alıb. Qarşıdakı illərdə isə bu rəqəmin təxminən 85 min nəfərə çatacağı nəzərdə tutulur.
Bütün bunlar onu deməyə əsas verir ki, ali təhsil artıq müəyyən mənada standartlaşıb və kütləviləşib”.
Ekspert qeyd edib ki, bu məsələdə əhalinin demoqrafik göstəricilərinə də diqqət yetirməlidir:
“Təəssüflər olsun ki, son illərdə təbii artım göstəriciləri azalmaqda davam edir. Cari ilin sonuna qədər dünyaya gələn uşaqların sayının 100 mindən çox olmayacağı proqnozlaşdırılır. Bu isə onu deməyə əsas verir ki, 2030–2031-ci illərdə birinci sinfə gedən uşaqların sayı 90–100 min aralığında olacaq. Halbuki bu il birinci sinfə gedən şagirdlərin sayı 130 min nəfər idi. Yəni təxminən 5–6 il ərzində 30 min nəfərlik ciddi azalma müşahidə olunacaq. Bu azalma isə qarşıdakı dövrdə müvafiq olaraq ali təhsil müəssisələrində plan yerlərinin azaldılmasına gətirib çıxaracaq”.
Elçin Əfəndi bildirir ki, sırf plan yerlərini artırmaqla müəllimlərin əməkhaqqını və digər xərcləri tənzimləmək doğru yanaşma deyil:
“Elm və təhsil nazirinin də qeyd etdiyi kimi, maliyyə məsələsində yalnız kəmiyyətə üstünlük verilməsinin düzgün olmamasıdır. Yəni sırf plan yerlərini artırmaqla müəllimlərin əməkhaqqını və digər xərcləri tənzimləmək doğru yanaşma deyil. Biz mövcud əmək bazarını dərindən araşdırmalı, bazarda daha çox tələbat olan ixtisaslar üzrə kadr hazırlığını həyata keçirməliyik. Müasir dövrün çağırışlarını nəzərə alaraq daha aktual və vacib olan ixtisas istiqamətlərinə maraq yaratmalı və həmin sahələrdə məqsədyönlü kadr hazırlığı aparmalıyıq.
Xüsusilə süni intellekt, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analitikası və bu kimi istiqamətlərdə ixtisaslaşmış kadrların hazırlanması son dərəcə vacibdir. Bunun əvəzinə isə tələbatı az olan ixtisaslar üzrə plan yerlərini artırmaq, sırf maliyyə mənbəyi kimi istifadə etmək və bu yolla müəllimlərin əməkhaqqını tənzimləməyə çalışmaq doğru yanaşma deyil. Hazırda ölkəmizdə istər dövlət, istərsə də özəl universitetlərin əksəriyyəti məhz bu istiqamətdə inkişaf edir. Halbuki bu, bizim üçün arzuolunan və düzgün yol deyil”.
Ekspert həmçinin vurğulayıb ki, qarşıdakı dövrdə dövlət tərəfindən təhsilin diferensiallaşdırılması nəzərdə tutulursa, bu zaman dövlət yalnız əmək bazarında real tələbat olan ixtisaslara sifariş verəcək və həmin ixtisaslar üzrə təhsil xərclərini qarşılayacaq. Digər, tələbatı nisbətən az olan ixtisaslar üzrə isə çox məhdud sayda sifariş veriləcək:
“Bu cür tənzimləmə isə ən doğru və rasional qərar hesab edilə bilər. Təhsil haqqını öz vəsaiti hesabına ödəyən tələbələrə gəldikdə isə, yəni ödənişli əsaslarla təhsil alan tələbələr üçün qiymət artımı məsələsi demək olar ki, hər il 100–200 manat civarında müşahidə olunur. Bu artım isə əsasən digər xərclərlə bağlıdır. Məsələn, elektrik enerjisinin qiymətinin artması, istilik xərclərinin yüksəlməsi kimi amillər təhsil müəssisələrinin ümumi xərclərinə təsir göstərir. Nəticə etibarilə bu da illik təhsil haqlarında öz əksini tapır. Lakin kəskin və ciddi qiymət artımının olacağını düşünmürəm”.
Tehsil-press.az









