Tədbirin moderatoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova yubilyarın zəngin yaradıcılıq yolu və Azərbaycan jurnalistikasına verdiyi töhfələrdən bəhs edib.
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışında Zemfira Məhərrəmlinin yaradıcılığında I Qarabağ müharibəsi mövzusunun xüsusi yer tutduğunu bildirib. Zemfira Məhərrəmlinin Azərbaycan jurnalistikasında praktik fəaliyyəti ilə seçilən qabaqcıl qadın jurnalistlərdən biri olduğunu vurğulayaraq, onun “Əməkdar jurnalist” adına, “Tərəqqi” medalına layiq görülməsini, çoxsaylı kitabların müəllifi olmasını və televiziya sahəsində zəngin təcrübəyə malik olmasını diqqətə çatdırıb.
Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli isə çıxışında Zemfira Məhərrəmlinin yaradıcılığında şəhidlər mövzusunun mühüm yer tutduğunu qeyd edərək, bu əsərlərin onun daxili dünyasının və vətəndaş mövqeyinin ifadəsi olduğunu deyib.
Tədbir çərçivəsində Zemfira Məhərrəmlinin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Zemfira Məhərrəmli BDU-da keçən tələbəlik illəri, universitet mühiti və müəllimləri ilə bağlı xatirələrini bölüşüb. O, Şirməmməd Hüseynov, Famil Mehdi, Nurəddin Babayev, Nəsir İmanquliyev, Cahangir Məmmədli, Akif Rüstəmov, Rəhilə Kəsəmənli və digər tanınmış jurnalist və alimlərdən dərs aldığı illəri xatırladıb.
Yubilyar tələbələrə peşəkar jurnalist olmağın məsuliyyəti, jurnalistikanın cəmiyyət üçün əhəmiyyəti və bu ixtisasın verdiyi imkanlar barədə tövsiyələrini çatdırıb.
Zemfira Məhərrəmli I Qarabağ müharibəsi dövründə yaşadığı hadisələr, müəllifi olduğu kitablar haqqında maraqlı faktlar səsləndirib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az








