Azərbaycanın və Qazaxıstanın pedaqoji təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir

Azərbaycanın və Qazaxıstanın pedaqoji təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə ölkəmizin Türk dünyası, xüsusən Qazaxıstan ilə bütün sahələrdə genişlənən əlaqələri vurğulandı və müxtəlif sahələrdə növbəti əməkdaşlıq sənədləri imzalandı. Bu sahələr sırasında elmi əməkdaşlıq xüsusi yer tutur. Ölkəmizin müxtəlif elm və təhsil, tədqiqat müəssisələri ilə Qazaxıstanın müvafiq qurumları arasında əlaqələr sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycanın və Qazaxıstanın ali pedaqoji təhsil müəssisələri arasındakı əməkdaşlığını da qeyd etmək lazımdır. Son illərdə beynəlxalq əlaqələrini sürətlə inkişaf etdirən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), həmçinin Qazaxıstan Respublikasının pedaqoji ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edir.
Bu fikirləri ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru Taleh Mirzəyev deyib.
T.Mirzəyev qeyd edib ki, Pedaqoji Universitet Qazaxıstan Milli Qadın Müəllimləri Təkmilləşdirmə Universiteti ilə 2019-cu ildə çərçivə sazişi imzalayıb. Bu saziş humanitar elmlər sahəsində əməkdaşlığın inkişafını özündə ehtiva edir. Sazişə əsasən, birgə tədqiqatların aparılması, seminarların, kursların, yay və qış məktəblərinin təşkili nəzərdə tutulur. 2017-ci ildə Cənubi Qazaxıstan Pedaqoji Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən, professor-müəllim heyətinin və tələbələrin, magistrantların və doktorantların mübadiləsi təşkil olunur, birgə beynəlxalq tədbirlər, elmi-praktik seminarlar keçirilir. 2018-ci ildə Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, universitet əməkdaşlarının və professor-müəllim heyətinin mübadiləsi, birgə təhsil proqramlarının, o cümlədən ikili diplomların verilməsi, akademik görüşlərin təşkili, elmi məlumatların, nəşrlərin mübadiləsi həyata keçirilir. 2021-ci ildə Abay adına Qazaxıstan Milli Pedaqoji Universiteti (KazNPU) ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşdirilən proqram üzrə KazNPU ilə əməkdaşlıq çərçivəsində ötən il ADPU-nun akademik və tələbə heyəti üzvləri Qazaxıstanın Almatı şəhərində keçirilən master proqramlarında iştirak ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər