Təhzilimizdəki bəzi problemlər haqqında

Təhzilimizdəki bəzi problemlər haqqında Təhsil islahatı, təhsil problemləri hamını dərindən maraqlandıran mövzudur. Bununla əlaqədar mətbuatda kifayət qədər müzakirələr aparılır, yazılar verilir. Mən həmişə həmin yazıları diqqətlə oxuyuram. Bununla əlaqədar olaraq uzun illər ərzində topladığım təcrübəmə əsasən fikirlərimi qeyd etmək istərdim. Belə bir imkanın yaradılmasna görə redaksiya heyətinə öz minnətdarlğımı bildirmək istəyirəm.
Ümumiyyətlə, ümumtəhsil məktəblərində aparılan islahatlar həmişə sıravi müəllimlərin diqqət mərkəzində olan ciddi məsələdir. Ona görə də hər kəsin fikrinin öyrənilməsi islahatın xeyrinə olardı. Burada irəli sürülən fikirlər, təkliflər təhsilimizin inkişafı naminədir.
Məlumdur ki, inkişaf etmiş ölkələr iqtisadiyyatlarını təhsil sayəsində yüksək səviyyəyə qaldırmışlar. Buna görə də beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti böyükdür. Lakin hansısa bir ölkənin təhsil sistemini ölkəmizə tətbiq etmək zərərli olardı.
Ümummilli lider Heydər Əliyevin imzaladığı 15 iyun 1999-cu il tarixli “Azərbaycan Respublikasının təhsili sahəsində İslahat Proqramı” ölkəmizdə islahat sahəsində ən qiymətli başlanğıc olmuşdur. İslahatn məqsədi təhsilimizi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırmaqdan ibarətdir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” barədə 24 oktyabr 2013-cü il tarixli sərəncamı şox qiymətli sosial hadisədir. O, bu sərəncamı imzalamaqla sübut edir ki, iqtisadi sahədə olduğu kimi, təhsil sahəsində də inkişaf daim diqqət mərkəzindədir. Strategiyada həm görülmüş işlər, həm də həlli vacib olan problemlər, nöqsan və çatışmazlıqlar da öz əksini tapmışdır. Ona görə də həmin problemlər, nöqsan və çatışmazlıqlar barədə öz fikirlərimi hörmətli müəllimlərlə bölüşmək istəyirəm.
Məlum olduğu kimi, strategiyada strateji əhəmiyyətli 5 istiqamətdə tədbirlər nəzərdə tutulur. Birinci strateji istiqamət “səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmunu”nun yaradılmasından ibarətdir. Fikrimcə, səriştəli ilə səriştəsizi bir-birindən fərqləndirmək üçün təhsil sistemində köklü dəyişikliklər aparılmaldır. Öz təcrübəmdən bilirəm ki, təhsilimizdə olan problemlər zəncir kimi bir-birindən asılıdır. Hamımıza məlumdur ki, məktəbin idarə olunmasında, qiymətləndirilmədə və başqa məsələlərdə ciddi problemlər vardır. Məktəb, sinif, dərs müxtəlif xarakterlərin formalaşdığı bir prosesdir. Sirr deyildir ki, sinfə daxil olan şagirdlərin heç də hamısı öyrənmək həvəsi ilə daxil olmur. Eyni sinifdə oxuya bilənlə oxuya bilməyən əyləşir. Aydın məsələdir ki, problemlər çoxdur. Ona görə də təhsil sistemi elə qurulmalıdır ki, səriştəsiz və səriştəli iş prosesində kənar müdaxilə olmadan görülən işin nəticəsinə əsasən bir-birindən ayrılsın. Bunun üçün valideyn-şagird-müəllim münasibətləri yeni əsaslar üzərində qurulmalıdır.
İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət müasir təlim metodlarını tətbiq edən təhlsil verənin formalaşmasına xidmət edir. Bununla əlaqədar uzun illər ərzində topladığım təcrübəyə əsasən öz fikirlərimi bölüşmək istərdim.
“Strategiya”da müəllimlərin tədris metodları və bu sahədə mövcud olan nöqsanlar açıq şəkildə qeyd edilmişdir. İstər-istəməz belə bir sual ortaya çıxır: Necə etmək olar ki, bu problemlərdən qurtarmaq mümkün olsun? Hər bir təhsil verənin öz üzərində işləməsinə necə nail olmaq olar? Öz düşüncələrimə əsasən deyə bilərəm ki, mövcud təhsil sistemində bu problemləri həll etmək mümkün deyildir. Çünki hər bir müəllim ondan asılı olmayan problemlə qarşılaşır. Müasir təlim metodlarını öyrənmək və tətbiq etmək haqqında fikirləşir. Daha çox ciddi problemlər dərs prosesində özünü göstərir. Eyni sinifdə müxtəlif qabiliyyətli, öyrənməyə həvəsi olan və olmayan şagirdlərin əyləşməsi dərs prosesinə mənfi təsir göstərir. Sirr deyildir ki, şagirdlərin müəyyən hissəsi “3” qiymət alıb orta məktəbi birtəhər bitirmək istəyir. Şagirdlər yuxarı siniflərə keçdikcə dərs prosesinə münasibəti daha da formalaşır. Əgər onun iştirak etdiyi dərs gələcək ixtisasına uyğundursa, onda öyrənməyə çalışacaqdır. Əgər uyğun deyildirsə, müəllimin səriştəli və ya səriştəsiz olmasından asılı olmayaraq problemlər yaranacaqdır. Bilirik ki, təlimə münasibət tərbiyəyə təsir deməkdir. Təlim və tərbiyə bir-birindən asılı olan məsələlərdir. Ona görə də hər bir müəllim öz dərsində tam sərbəst olmalıdır. Elə sistem yaradılmalıdır ki, müəllim hər bir dərs üçün öz üzərində çalışsın, hazırlaşsın, bütün bacarığı üzə çıxsın və şagirdləri öyrədə bilsin. Bunun üçün, ilk növbədə, mövcud olan formalizm halları aradan qaldırmalıdır. Formalizm varsa, deməli, hər cür nöqsan yarana bilər. Bəs formalizmi aradan necə qaldırmaq olar? Bunun bir yolu vardır. Bir daha qeyd etmək istərdim ki, bunun üçün valideyn-şagird-müəllim münasibətləri yeni əsaslar üzərində qurulmalıdır. Bunun nə qədər vacib olduğunu misallarla izah etməyə çalışacağam. İşlədiyim müddətdə elə şagirdlər olmuşdur ki, on birinci sinfə qədər dərslərinə güc-bəla ilə hazırlaşmışdır. Bu müddət ərzində valideyn uşağının dərsləri ilə heç vaxt maraqlanmamışdır. On birinci sinifdə oxuyanda şagird başa düşdü ki, oxuyub öyrənə bilməsə, təhsilini davam etdirə bilməyəcəkdir. Ona görə də əlavə hazırlıq üçün mənə və digər müəllimlərə müraciət etməyə başladı. Valideyn də oğlunun öyrənməsi üçün hər şeydən keçməyə hazır olduğunu bildirirdi. Bunun üçün bütün qabaqcıl müəllimlərə müraciət etməyə başlamışdı. Lakin uşağın bilik səviyyəsi çox aşağı olduğu üçün heç kim uşağı əlavə hazırlığa götürmədi. Həm vaxt az idi, həm də şagirdin öyrənə biləcəyinə güman yox idi. Valideynin bir neçə dəfə müracitindən sonra şagirdlə dərsdən sonra əlavə məşğul olmağa başladım. Valideyn hər gün oğluna ciddi nəzarət edirdi. Hiss edirdim ki, valideyn mənim keçdiyim, izah etdiyim hər bir mövzunu diqqətlə izləyir. Nəticədə şagird IV qrup üzrə imtahan verəcəyi fənləri müəyyən qədər öyrəndi və ali məktəbə daxil oldu. Mən belə vəziyyətlə bir neçə dəfə qarşılaşmışam. Mən bu misalı ona görə qeyd etdim ki, həm təhlsil alan, həm də təhsil verən bütün bacarığından istifadə etməklə ən yüksək nəticələrə nail ola bilər. Buna valideyn, şagird, müəllim arasındakı əlaqəni yeni maddi əsaslar üzərində qurmaqla nail olmaq olar. Hər birimiz özümüzə nə isə almaq istədikdə çalışırıq ki, qiyməti münasib və keyfiyyətli olsun. Hər bir valideynin ən böyük arzusu övladının savadlı, təhsilli və həyatda yaxşı yaşamasıdır. Ona görə də təhsilə ayrılan vəsaitin uşağın sayına görə valideynə verilməsi məqsədəuyğun olardı. Həmin vəsaitlə valideynə qarşı məktəb, müəllim seçmək imkanı verilə bilər. Müəllim isə əmək haqqını valideynin hesabına, son nəticəyə əsasən almalıdır.
Əgər belə olarsa, valideynin öz uşağ üzərində həmişə nəzarəti olar, şagird həmişə öyrənməyə, müəllim öyrətməyə çalışar. Bu zaman nöqsan və çatşmazlıqlar aradan götürülmüş olar.
Üçüncü strateji istiqamət məktəbin idarə edilməsi ilə əlaqədardır.
Strategiyada qeyd edilmişdir ki, “təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticəsinə görə məsuliyyət daşımır”. Bununla əlaqədar öz müşahidələrimə əsasən fikirlərimi qeyd etmək istərdim. Bir halda ki, tədris müəssisələrinin rəhbərliyi tədrisin nəticəsinə görə məsuliyyət daşımır, onda hansı təlim-tərbiyədən danışmaq olar? Bu zaman hansı nöqsan və problemlər baş verməz? Bir halda ki, tədrisin nəticəsi daha çox dərs prosesində müəllim və şagirdlərdən asılıdır, onda direktor və onun müavinləi nə iş görməlidirlər? Fikrimcə, təhsil sistemi yuxarıda qeyd etdiyim əsaslar üzərində qurularsa, direktor və onun müavinlərinə ehtiyac qalmaz. Külli miqdarda vəsaiti vəzifəyə deyil, şagirdlərin təhsilinə yönəltmək məqsədəuyğun olardı. Yaxşı olar ki, məktəbi “Metodiki şura” və ya “Təhsil şurası” idarə etsin. Ümumiyyətlə, təhsil sistemi yeni əsaslar üzərində formalaşarsa, istənilən idarəetmə forması elmi-metodiki cəhətdən fəaliyyət göstərər. Bu zaman həm şəffaflıq təmin olunar, həm də külli miqdarda vəsait boş yerə xərclənməz.
Fikrimizcə, direktorlar üçün üçaylıq təlim kursları idarəetmə sahəsində mövcud olan nöqsan və problemləri həll etməyəcəkdir. Təhsil sistemini elə formalaşdırmaq olar ki, müəssisənin rəhbəri olan hər kəs könüllü olaraq daim təhsilini artırsın, müasir təlim metodlarına yiyələnsin. Elə sistem formalaşdırılmalıdır ki, təhsil müəssisəsinin rəhbərinin iş qabiliyyəti hər an üzə çıxsın. Az da olsa, nöqsan və geriləmə varsa, rəhbərlik dəyişsin. Ona görə ki, təhsil elə bir sistemdir ki, rəhbərlikdə baş verən kiçik nöqsan böyüyərək dözülməz vəziyyət yaradır.
Dördüncü strateji istiqamət hər kəsin ömür boyu təhsil almasını təmin edən infrastrukturun yaradılmasını nəzərdə tutur. Bununla əlaqədar mətbuatda verilən yazıları diqqətlə izləmişəm. Öz fikir və mülahizələrimi izah etməyə çalışacağam.
Məlumdur ki, müasir dövr elm və texnologiyanın yüksək səviyyədə inkişafı ilə əvvəlki dövrlərdən tamamilə fərqlənir. Bu gün öyrənilmiş mövzu ola bilsin ki, sabah köhnəlmiş ola bilər. Ona görə də müasir həyat daim öyrənməyi tələb edir. Bu isə yeni təhsil sisteminin necə formalaşdırılmasından asılı olacaqdır. Öyrənmək sahəsinsə müəllimin üzərinə daha çox məsuliyyət düşür. Müəllim hər bir mövzu ilə əlaqədar hazırlaşmalı, öyrənməli və yeni məlumatlar əldə etməlidir. Müəllim öyrənməni hansısa nəzarətə görə deyil, öyrətmək üçün, daxili ehtiyac üçün öyrənməlidir. Ona bilik və bacarığından istifadə etmək üçün imkan və şərait yaradılmalıdır. Son nəticəyə uyğun olaraq əmək haqqı almalıdır.
“Strategiya”da haqlı olaraq əksər müəllimlərin müasir təlim metodlarının tətbiqində geri qalmaları qeyd edilmişdir. Düşünürəm ki, yeni təlim metodlarına yiyələnmək iş prosesində zərurətdən irəli gəlməlidir. Əlavə şagird hazırlığı ilə məşğul olan hər bir müəllim heç bir nəzarət olmadan hazırlaşır, yeni məlumatlar əldə edir və öyrədir. Bu zaman şagirdin yalnız bir məqsədi olur. Öyrənmək! Deyirlər ki, müəllim istiqamətverici, şagird isə tədqiqatçıdır. Fikrimcə, müəllim hər bir mövzunu keçən zaman həm tədqiqatçı olur, həm də istiqamətverici. Hər bir mövzu keçilən zaman istənilən qədər suallar ortaya çıxır. Eyni zamanda, hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alsaq, onda müəllim həm öyrədir, həm də öyrənir. Ona görə də təhsil sistemində təcrübəli müəllimlərə həmişə ehtiyac olmuşdur və olacaqdır. Bu yaxınlarda televiziya kanallarının birində əlavə hazırlığa gedən şagirdlərdən müsahib alınırdı. Müsahibə alınan şagirdlərin çoxu əlavə hazırlıq üçün yaşlı müəllimlərə üstünlük verdiklərini dedilər. test üsulu tətbiq olunmağa başladığı vaxtdan müəllimlərin daha çox öyrənmək zərurəti yaranmışdır. Mövzudan kənar da olsa, qeyd etməliyəm ki, test üsulunun tətbiqi haqqında müxtəlif fikir və təkliflər vardır. Fikrimcə, test üsulu biliyin yoxlanılması üçün ən düzgün üsuldur. Müəllim olmaq istəyən hər kəsin bacarığı, nitqi, mənəvi keyfiyyətləri və başqa qabiliyyətləri də yoxlanılmalıdır.
Şagirdlərin dərsdən sonra əlavə hazırlıqları haqqında da müxtəlif mülahizələr vardır. Sirr deyildir ki, ali məktəbə qəbul olan şagirdlərin çox hissəsi, bəlkə də hamısı əlavə hazırlıqdan keçmişlər. Hər hansı bir şagirdin əlavə hazırlığı üçün xeyli məbləğdə pul tələb olunur. İstər-istəməz belə bir sual meydana çıxır. Şagird əlavə hazırlıqdan keçməlidirsə, onda məktəb, dərs nə üçündür? Əlavə hazırlıq həmişə mövcud olacaqdırmı? Düşünürəm ki, təhsil sistemində əsaslı şəkildə dəyişikliklər aparılmasa, əlavə hazırlıq həmişə mövcud olacaqdır. Halbuki, mövcud təhsil sistemini elə formalaşdırmaq mümkündür ki, heç heç bir əlavə hazırlğa ehtiyac qalmasın. Bu fikirlərin nə qədər doğru olub-olmadığını gələcək zaman göstərəcəkdir. Ola bilsin ki, qeyd etdiklərim müzakirə mövzusu olsun. Təhsil sahəsində yerinə yetirilən hər bir yeniliyə münasibət bildirməsəm də, diqqətlə izləmişəm. Ona görə də təhsil hamını düşündürən məsələ olduğu üçün mən də öz təcrübəmə əsasən fikirlərimi bildirmək qərarına gəldim. Ümid edirəm ki, belə mülahizələr təhsilimizin xeyrinə olar. Güman edirəm ki, burada bir müqayisə aparmaq yerinə düşər. Vaxtilə ölkəmizdə kolxoz mülkiyyəti mövcud idi. Məhsul yetişməyəndə kolxoz sədri aqronomu, aqronom briqadiri, briqadir idə kolxozçuları günahlandırırdı.
Ümummilli lider Heydər Əliyevin başçılğı ilə torpaq islahatına başlanıldıqda, bəziləri islahatın nəticələrinin uğurlu olacağına inanmırdı. Lakin torpaq islahatı uğurla başa çatdı, ölkəmizdə rekord sayda taxıl məhsulları istehsal edildi. Bu gün ölkəmizdə taxıl məhsullarının və başqa məhsulların bolluğu torpaq islahatının uğurla həyata keçirilməsinin nəticəsidir. Ona görə ki, hər kəs öz torpağının sahibidir. Öz bacarığına uyğun məhsul yetişdirir. Fikrimcə, təhsil sitemində də elə islahat aparmaq mümkündür ki, hər kəs öz işinin sahibi olsun. Doğrudur, təhsil sistemi istehsal sahələrindən tamamilə fərqlənir. Təhsil sahəsində həyata keçirilən hər bir yenilik dəfələrlə yoxlanılmalıdır. Bütün islahatlar üçün istər istehsal, istərsə də qeyri-istehsal sahələri üçün işin dəyəri son nəticə ilə ölçülür. Eşitdiyimə görə ölkəmizdə uğurla həyata keçirilmiş torpaq islahatından inkişaf etmiş ölkələr nümunə kimi istifadə edirlər. Bu mənada ölkəmizdə təhsil sistemini elə formalaşdırmaq islahatından inkişaf etmiş ölkələr nümunə kimi istifadə edirlər. Bu mənada ölkəmizdə təhsil sistemini elə formalaşdırmaq mümkündür ki, “Strategiya”da qeyd edildiyi kimi, hər kəs ömürboyu təhsil alsın. Başqa ölkələr bizim təhsil sistemimizdən nümunə kimi istifadə etsinlər.
Beşinci strateji istiqamət təhsilimizin mailiyyələşdirilməsi ilə əlaqədardır. Əvvəlcədən qeyd etmək isəyirəm ki, mövcud olan nöqsan və çatışmazlıqlar maliyyələşmə işinin düzgün aparılmaması ilə əlaqədardır. Bunun səbəblərini izah etməyə çalışacağam.
Məlum olduğu kimi, təhsil sisteminin əsasını müəllim, şagird, sinif və 45 dəqiqəlik dərs prosesi təşkil edir. Mövcud təhsil sistemindəki çatışmazlıqlar dərs prosesində tədricən özünü göstərir. Aşağı siniflərdə isə nöqsanlara və formalizmə səbəb olur. Sual verilə bilər ki, nə üçün? Səbəblər çoxdur. Birincisi, müəllimin dərsi hansı səviyyədə tədris etməsini müəyyənləşdirmək üçün dəqiq mexanizm yoxdur və mövcud sistem qalarsa, heç bir vaxt da olmayacaqdır. Monitorinq, nəzarət və ekspert qrupları müəllim işinin nəticəsini qiymətləndirməməlidir. Sistem elə olmalıdır ki, müəllim öz işinin nəticəsi üçün çalışmalıdır. Əmək haqqını da işinin nəticəsindən asılı olaraq almalıdır. Tədris prosesində nəzarət nöqsanları üzə çıxara bilər, keyfiyyəti yüksəldə bilməz.
İkincisi, dərsdə iştirak edən şagirdlərin bir hissəsi mövzunu öyrənmək istəmir. Bəzən elə şagird olur ki, məktəbə gəlmək istəmir.
Üçüncüsü, dəsdə iştirak edən şagirdlərin bir neçəsi dərsdən sonra əlavə məşğələlərdə iştirak edir. Belə şagirdlər üçün isə dərsin necə keçilməsinin əhəmiyyəti yoxdur.
Dördüncüsü, dəqiq qiymət yazmaq mümkün olmur. Deməli, formalizm yaranır.
İndiki halda bütün bunlar təhsilimizdə mövcud olan reallıqlardır. Deməli, dərsdə müəllimdən asılı olmayan vəziyyətlərin yaranması yeni maliyyələşmə mexanizmlərinin yaradılmasını tələb edir.
İndiki halda dərsdən sonra əlavə məşğələ (hazırlıq) haqqında müxtəlif fikir və mülahizələr söylənilir. Sirr deyildir ki, hər bir valideyn (hazırlığa gedən şagirdləri nəzərdə tuturam) övladının savadlı olması və ali məktəbə daxil olması üçün hər ay xeyli miqdarda pul xərcləyir. Elə etmək olmazmı ki, şagird öz məktəbində, öz dərsində müəlliminin köməyi ilə elmlərin əsaslarına yiyələnsin?
Mümkündür. Yeni maliyyə mexanizmləri yaradılarsa, problem öz həllini tapar. Sual oluna bilər ki, necə həll etmək olar? Sadə bir misal gətirəcəyəm. Əlavə şagird hazırlığı ilə hərdən az miqdarda mən də məşğul oluram. Hamı bilir, pul üçün deyil, öyrətmək, təcrübə toplamaq üçün məşğul olmuşam. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, əlavə məşğul olduğum şagirdlərin hamısı ali məktəbə daxil olmuşdur. Bir dəfə valideynlərdən bir nəfər xahiş etdi ki, oğlu ilə əlavə məşğul olum. Şagird çox zəif idi, dərslərinə hazırlaşmırdı. Ona görə imtina etdim.
Valideyn təkrar xahiş etdi. Bir şərtlə razılaşdım ki, aramızda pul söhbəti olmayacaqdır. İki həftə məşğul oldum. Ancaq şagird də heç bir irəliləyiş hiss olunmadı Valideynlə görüşüb yenə imtina etdim. Valideyn təcrübəli, savadlı və zəhmətkeş bir insan idi. Çox xahiş etdi ki, az da olsa, pul verirəm, qəbul edin və bir neçə gün yenidən məşğul olun. Yenidən məşğul olmağa başladım. Atasının pul verdiyi uşağa məlum idi. Bir həftədən sonra irəliləyiş hiss olunmağa başladı. Özümün də gözləmədiyim halda bütün mövzuları öyrənməyə çalışırdı. Verilən tapşırıq və çalışmaları özü sərbəst yerinə yetirirdi. Nəticədə şagird ali məktəbə daxil oldu və müvəffəqiyyətlə bitirdi. Hələ də təhsilini davam etdirir. Bu misalı ona görə gətirdim ki, hər bir işin, islahatın nəticəsi maliyyələşmənin necə aparılmasından asılıdır.
Bir daha qeyd etmək istəyirəm ki, dərsdə mövcud olan formalizm və başqa problemlər şagirdləri dərsdən yayındırır, onları arxayın salır. Bütün bunlar isə təlim-tərbiyənin getdikcə aşağı düşməsinə səbəb olur.
Maliyyələşmənin düzgün aparılmaması, formalizm, dərsdən sonra əlavə hazırlıq (bəzən dərs vaxtı), idarəetmədə mövcud olan nöqsanlar müəllimin öyrətmək həvəsini məhv edir, onu işdən soyudur, nüfuzuna ciddi zərbə vurur. Bütün tarixi dövrlər ərzində müəllim əsas sima olmuşdur və olacaqdır. Ona görə də təhsilimizin və övladlarımızın gələcəyi müəllimə göstərilən münasibətdən asılı olacaqdır.
Müəllimlərin müasir təlim metodlarını öyrənmələri üçün çox iş görülmüşdür və görülür. Yaxşı olar ki, müxtəlif elm sahələrində olan yeniliklərlə tanış olmaları elmi biliklərinin artırılması üçün müntəzəm olaraq tədbirlər görülsün. Orta məktəb və ali məktəbə qəbul üçün test sualları ətrafında həmişə mübahisəli müzakirələr aparılır. Ona görə də test suallarının tərtibi və həlli ilə əlaqədar bütün müəllimlərin münasibət bildirməsi məqsədəuyğun olardı.
Ümumiyyətlə, müəllim üçün təhsil, bilik, savad əsas şərtdir. Əgər müəllimin savadı varsa, deməli, yüksək nəticələr əldə edə bilər. Ancaq öz biliyini həmişə artıran müəllim müasir metodları tətbiq edə bilər. Müəllimlərin attestasiyasının keçirilməsi elə təşkil edilməlidir ki, hər bir müəllimin bütün keyfiyyətləri məlum olsun. Attestasiya müntəzəm keçirilməlidir. Keçə bilməyən müəllimlərə təkrar bir neçə dəfə imtahan imkanı yaradılmalıdır. Attestasiyanın nəticəsi müəllimin hər hansı fəxri ad almasında, əmək haqqının hesablanmasında nəzər alınmalıdır. Nə vaxtsa məktəbə müxtəlif yollarla işə düzəlmiş şəxslər məktəblə vidalaşmalıdırlar. Bu isə attestasiya keçirilməsi ilə mümkündür.
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bunun müsbət və mənfi nəticələri vardir. Məktəb direktorlarına müəllimləri işə götürməklə əlaqədar sərbəstlik verilməsi haqqında müxtəlif fikirlər söylənilir. Düşünürəm ki, məktəb direktorlarına məktəbə müəllim qəbul etmək hüququ verilərsə, çox ciddi problemlərin yaranmasına səbəb olar. Ona görə hələlik mərkəzləşdirilmiş qaydanı düzgün hesab edirəm. Ancaq bunun da mənfi cəhətləri çoxdur. Məsələn, mərkəzləşdirilmiş qaydada imtahanda iştirak edib 28, 30, hətta 33 bal toplayıb, lakin heç bir məktəbdə işləmək hüququ almayanlar vardır. Halbuki, elə məktəblərimiz vardr ki, orada müəllimlərə ciddi ehtiyac vardır.
Hər hansı bir rayondan olan müəllim imtahanın nəticəsinə əsasən başqa rayonda işləmək hüququ qazanır. Onu həvəsləndirmək üçün əmək haqqına əlavələr edilir. Təbii ki, belə müəllimlər öz yaşadıqları yerdə işləmək haqqında fikirləşirlər və nə vaxtsa işlədikləri məktəblə vidalaşırlar. Bu isə kadr axıcılığına səbəb olur. Kadr axıcılğı isə təhsilimizə ən ciddi ziyan vuran məsələlərdəndir. Ümumiyyətlə, müəllimlərin işə qəbulu ilə əlaqədar problemlər çoxdur və ayrıca mövzudur.
Bu yazıda mən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya haqqında öz fikirlərimi qeyd etdim. Strategiya ölkəmizdə təhsilin daha da inkişaf etdirilməsi üçün qəbul edilmişdir. Həyatda, təhsildə həmişə ən yüksək zirvə müəllimə məxsus olmuşdur və olacaqdır. Müəllimə ən yüksək qiyməti ümummilli liderimiz Heydər Əliyev vermişdir: “Mən müəllimdən yüksək ad tanımıram”. Təhsilimizin keyfiyyəti adın yüksəkliyinə uyğun olmalıdır.

Tahə İbrahimov,
Ağsu rayon, İlxıçı kənd tam orta məktəbin müəllimi

Oxşar xəbərlər