Allahşükür Paşazadə: Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur

Allahşükür Paşazadə: Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur Müstəqillikdən sonra bu gün ilk dəfədir ki, Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin nümayəndələri Ramazan bayramını eyni gündə qeyd edib, eyni vaxtda bayram namazı qılıblar.

Tehsil-press.az-ın məlumatına görə, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, indiyə qədər sünni və şiə təriqətlərinin nümayəndələri başqa dövlətlərin təsiri nəticəsində bayramları fərqli günlərdə qeyd edirdilər: “Amma biz bu gün bərabərik. Bu gün biz bir yerdə namaz qıldıq. Bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur. Rəsədxananın bizə verdiyi vaxta uyğun olaraq birinci dəfədir ki, bütün Azərbaycan məscidlərində birlikdə bir gündə namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir”.
A.Paşazadə vurğulayıb ki, dünyanın heç bir yerində bu cür vəhdət yoxdur: “Bu ancaq Azərbaycandadır. Bizim bir yerdə olmağımız vacibdir, çünki bizim böyük düşmənimiz var, Qarabağ boyda dərdimiz var. Əgər biz birlikdə olsaq, heç bir kəs bizə güc gələ bilməz. Bəzi dövlətlər çalışırlar ki, təxribat yaratsınlar, məzhəb ayrı-seçkiliyi yaratsınlar. İnşalah bu, alınmaz. Çünki bu vəhdəti heç kim qıra bilməz”.


Tehsil-press.az

Oxşar xəbərlər