Bu məmləkətdə heç nə ovqatıma uyğun deyil...

Bu məmləkətdə heç nə ovqatıma uyğun deyil...
Anlamaq dərdi!


Görmə! – Baş üstə, yumaram gözlərim,
Dinmə! – Mütiyəm, kəsərəm sözlərim.
Bir söz eşitmə! – Qulağım bağlaram,
Gülmə! – Pəki, Şami-səhər ağlaram!
Qanma! – Bacarmam, məni məzur tut...
M.Ə.Sabir

Şəhərə gəzməyə çıxa bilmirəm. Hara çıxım? Hər yeri qazırlar, sökürlər, tikirlər. Yer yoxdur, hətta, səki belə qalmayıb hamısını obyekt yeri kimi satıblar. Alan da şərəfsiz, satan da, pulunu ver nə istəyirsən elə, nə pul icazə verənin vicdanı belə yoxdur, heç olmasa abır-həya edə ki, burada insan yaşayır. Onların istirahətini pozuram, onlara maneəçilik eləyirəm, olmaz axı, qazancı da vicdanla, qazanmaq lazımdır. Bu belə, şəhərə çıxmağı, gəzməyi dedim...
Bəs istirahətə necə, hara gedim? İstəsəm ki, gedim bir kafe-restoranda bir dostla, ailə ilə oturum, dincəlim, bu da olmur, niyə? Çünki gəlib elə “şot” deyəcəklər bütün yediyim, içdiyim burnumdan gələcək, hələ bu qalsın bir yana, elə qulluq-xidmət göstərəcəklər ki, bütün anamdan əmdiyim süd burnumdan gələcək. Yeyilən yeməyə də nə deyim. Mənbəyi, mənsəbi bilinmyən nə isə... Bəzən düşünürsən ki, istirahət üçün Azərbaycanın rayonlarına gedim. Təbii ki, bizim gözəl yerlərimiz var, dağı, meşəsi, buz-bulaqları gözəl ormanlı meşələr və sair.

Bu məmləkətdə heç nə ovqatıma uyğun deyil...

Sonralar öz-özünə deyirsən, axı ora necə gedim! Bir gecəsi, təkcə yatmağın yüz manat, bir şam yeməyi üç aylıq maaşım qədər. Gəl dincəl... Necə deyərlər noxtası atından baha... A kişilər vallahi-billahi bu məmləkət bizim üçün deyil.
Yaşamalı deyil, gəlin onda gedək qonşu Gürcüstana. Təbii ki, ölkəmizin əlli faiz əhalisi orada dincəlir. Görün insanlar nəyi təsəlli tapır, heç olmasa doyunca yeyəcəm, rahat istirahət edəcəm. Bax, faciə budur. Səni öz ölkəndə, məmləkətində göz görə-görə soyurlar, cibinə girirlər, dərini soyurlar... Azərbaycandan xarici ölkələrə getmək istəyən insanların 80 faizi Tibilisdən uçurlar, niyə? Çünki orda bilet ucuzdur.

Bu məmləkətdə heç nə ovqatıma uyğun deyil...

Buradan bir nəfərə aldığın biletlə oradan dörd nəfər uça bilər, niyə? Allah sənə rəhmət eləsin Nəriman Nərimanov, vaxtı ilə Stalinə yazırdı ki, mənim millətçilikdə günahlandırmayın, bu zavallı azərbaycanlı nefti zülümlə çıxarır ancaq tapıb onu çırağına tökə bilmir, gedib Tiblisdən ucuz qiymətə alır. Kişilər, vallah biz odlanmalı millətik. Bu nə demək, var-dövlət bizdə, sərvət bizdə, təbiət hər şey verib, Tanrı hər şeyi bizə qıyıb, biz isə bir-birimizə qənim kəsilmişik. Kimdir bu qənimlər, bax onu bilmirəm bu gün, hətta, maşınlarını belə təmir etdirmək üçün Gürcüstana gedirlər. Vaxt gələcək başlarını belə qırxdırmaq üçün Gürcüstana gedcəyik!?
Başqa bir məsələ: Ən böyük faciə odur ki, evimizə gələn sudan içə bilmirik həkimlərsə deyir günə 2 litr 2,5 su için. Ancaq onu deyin ki, Azərsuya ayrılan vəsaitlə dağlarımızın buz-bulaqlarından Bakıda - hər evə su çəkmək olardı. Ekspertlər bizim içdiyimiz su ilə bağlı məlumat yayırlar ki, bu suyu nəinki içmək, heç dişi belə fırçalamaq olmaz, onu canlı ağaca belə vermək olmaz. Dəhşətdir!!!

Bu məmləkətdə heç nə ovqatıma uyğun deyil...

İstifadə elədiyimiz ərzaqların keyfiyyəti çox aşağıdır. Sanki bütün bunlar istifadə etdiyimiz bütün ərzaqlar düşmənin nəzarətindədir, yaxud bunların hamısını düşmən istehsal edir. Öz xalqına, millətinə qarşı bu aqressiya, bu düşmənçilik, bu vicdansızlıq hardandır belə? Kimi də dindirirsən ki, bu nədir, niyə bahadır, niyə keyfiyyətsizdir, deyir yuxarıya haqq verirəm neyniyim? Sözə bax, sən Allah, demək sən haqq verirsənsə özün də pul qazanmaq istəyirsənsə, millətini qırmalısan – vicdansız! Bu nə deməkdir? Pula, var-dövlətə görə insan taleyi ilə oynamaq olar, bu harada görsənib? Hansı qanun kitabında yazılıb?
Toy belə-yas belə; Ay qardaş, görəsən bu insan saat 6-dan sonra nə qədər müxtəlif çeşiddə yemək yeyə bilər, nə az, nə çox şadlıq evlərində yerin biri 50-60
manat, 33 cürə “xalodnu” 20 cürə “qaryaçi” 25 növ də içki. Kimə deyəsən, heç olmasa dərdimizi bilən olmasın. Çalğıda ki, nə deyəsən, əndrabani oynamaqlar, hoppanıb düşmək, nə deyəsən, vallah, necə deyəsən, kimə deyəsən? Biz niyə başqalarına – ingilisə, almana, gürcüyə qibtə edə-edə yaşamalıyıq? Niyə düzələ bilmirik, dərdimiz nədir?

Bu məmləkətdə heç nə ovqatıma uyğun deyil...

Acgözlük, pulgirlik bir halda ki, öləndə heç nə apara bilmirik bəs onda haramlıqla bu qədər var-dəvləti niyə yığırıq, kimə yığırıq, nə üçün yığırıq? Bununla nə demək istəyirik... Bir məmləkətdə ki, sənin millətin acından ölür, dərman almağa pul tapmır, sənsə xarici banklara pul yığırsan, özü də millətin pulu ay vicdansız. Hərə bir tərəfdən soyur, talayır, varidat toplayır, oğurlayır, nə bilm nə edir, əzabını isə xalq çəkir. . Əgər kimsə bu ölkənin pulunu oğurlayıbsa, mənimsəyibsə nə edibsə bilmirəm, onun əzabını bizmi çəkməliyik? Filankəs bu qədər milyardı (özü də milyardla, milyonla yox) oğurlada, filankəs bu qədər apardı, nə bilim kim nə etdi, bunun günahı bizdədirmi, bunun əzabını bizmi çəkməliyik, əzizim?!
Axı biz nə vaxt düzələcəyik, niyə axı, biz yaşamaq üçün hansısa xarici ölkəyə getmək haqqında düşünməliyik niyə? Niyə biz öz vətənimizdə insan kimi yaşaya bilmərik, bunu bizə kim qadağa edib, niyə biz üzümüzdəki ləkəni silmək əvəzinə güzgünü sındırmalıyıq. Niyə biz beş-on faiz yaramaz, dələduz, nanəcibə görə əzablar içərisində, zillət içərisində yaşamalıyıq, niyə? Bu həyata bizi kim məhkum edib... Belə bir deyim var mübarizə aparmaq istər insanda, istərsə də millətdə irəliyə doğru bir addımdır. Əgər mübarizə aparırsansa uda da bilərsən, uduza da. Mübarizə aparmırsansa uduzmuş hesab olunursan. Biz mübarizə aparmalıyıq, biz mübariz olmalıyıq. Bəlkə onda qalib olduq, torpaqlarımızı işğaldan, özümüzü isə bu nanəcib işğalçılardan xilas edə bildik...

Əkbər Hüseynzadə

Oxşar xəbərlər