15 SENTYABR BİLİK GÜNÜDÜR

15 SENTYABR BİLİK GÜNÜDÜR Artıq Azərbaycan dünya dövlətləri sırasında öz yeri, çəkisi, nüfuzu olan ölkələrdən birinə çevrilib. Bu gün iqtisadiyyatımız sürətlə inkişaf edir. Bütün sahələrdə olduğu kimi, təhsilimizə də böyük diqqət və qayğı göstərilir və təhsil sahəsinin daha da inkişaf etməsi üçün hər cür şərait yaradılır. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, bizim əsas prioritet vəzifəmiz qara qızılın insan kapitalına çevrilməsidir.
Yeni məktəblər inşa olunur, sinif otaqları və fənn kabinetləri ən müasir laboratoriya avadanlıqları, kompüter texnikası ilə təchiz edilir. Bu sahədə Heydər Əliyev Fondunun və onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın elm və təhsilimizə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Hesab edirəm ki, təhsil sahəsində Azərbaycan postsovet məkanında ön sıralardan birinə yiyələnmişdir. Tarix sübut etmişdir ki, cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, xalqın intellektual potensialının formalaşmasından keçir. Bu gün yüksək intellektə, biliyə, savada malik gənclərimizin səsi-sorağı dünyanın ən nüfuzlu ali məktəblərindən gəlir. Bu fəxr olunası bir məsələdi. Ulu öndər Heydər Əliyevin belə bir sözü var: “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
Azərbaycan xalqı fəxr edir ki, Azərbaycanın bu günü və gələcəyi etibarlı əllərdədir. Böyük fəxrlə demək istərdim ki, bu gün ulu öndərin siyasətini möhtərəm Prezidentimiz, gənclərin böyük dostu cənab İlham Əliyev yeni müstəvidə, novatorluqla, zamanın tələblərinə uyğun uğurla, sədaqətlə davam etdirir.
Yeni dərs ili başlayıb, bu bayram münasibəti ilə valideyn və şagirdlərimizi, tələbələrimizi, ümumtəhsil ictimaiyyətini təbrik edir, onlara yeni təhsil ilində uğurlar diləyirəm. Arzum budur ki, bugünkü gənclərimiz ən müasir peşələrə yiyələnməklə vətənimizə, millətimizə sədaqətli övlad kimi yetişsinlər.

Fatimə Quliyeva,
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru


Oxşar xəbərlər