ADU-da “Açıq qapı günü” keçirildi

ADU-da “Açıq qapı günü” keçirildi Oktyabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Konfutsi İnstitutları gününə həsr olunmuş “Açıq qapı günü” tədbiri keçirildi.
Açılış nitqi ilə çıxış edən ADU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov İnstitutun fəaliyyətinin əsas istimaqətlərindən danışdı. “Bir kəmər, bir yol” konsepsiyasının əsas məqsədinin trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərin yaradılması olduğunu söyləyən R.Abbasov bu təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirakını xüsusilə vurğuladı.
Konfutsi İnstitutunun Çin tərəfindən müdiri Li Jinhua Çin dili kurslarına qəbul qaydaları, təlimlər və test mərkəzinin fəaliyyəti haqqında iştirakçılara məlumat verdi. Tədbirdə iştirak edənlər Konfutsi İnstitutunun kitabxana fondu, həmçinin Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafında fəaliyyətlərinə həsr olunmuş kitablarla tanış oldular.
Tədbir çərçivəsində Çin dilində olan ədəbiyyat və materialların sərgisi də keçirildi. ADU-nun nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları Çinin xəttatlığı, kağız kəsimi və incəsənəti sahəsində dərslər verdilər.
Sonda ənənəvi Çin çay mərasimi və ölkənin milli geyimlərində fotoşəkillər çəkildi.
Qeyd edək ki, tədbirdə iştirakçılar arasında ADU-nun tələbələri ilə yanaşı, Çin dili və mədəniyyəti ilə maraqlanan şəxslər də iştirak edirdi.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Açıq qapı günü” keçirildi

Oxşar xəbərlər