
Maraqlıdır ki, Azərbaycanda nəinki 45, hətta 50 və daha yuxarı yaşda ana olan qadınlar da var. Statistik rəqəmlərə nəzər saldıqda görmək olur ki, 45-50 yaşda ana olan qadınların sayı 1995-ci illə müqayisədə daha çoxdur.
Tehsil-press.az-ın statistik göstəricilərə istinadən verdiyi məlumata görə, 1995-ci ildə Azərbaycanda 45-49 yaş arasında olan qadınlar tərəfindən 84 uşaq doğulmuşdusa, 2015-ci ildə həmin yaşda olan analar tərəfindən dünyaya gətirilən uşaqların sayı 133-ə çatıb. 2005-ci ildə 45-49 yaşlı qadınlar tərəfindən 216, 2010-cu ildə 202, 2011-ci ildə 182, 2012-ci ildə 168, 2013-cü ildə 184, 2014-cü ildə 138, 2015-ci ildə isə 133 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən isə 1995-ci ildə 6, 2005-ci ildə 18, 2010-cu ildə 32, 2011-ci ildə 24 , 2012-ci ildə 42, 2013-cü ildə 46, 2014-cü ildə 31, 2015-ci ildə isə 38 uşaq doğulub.
50 və yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların çoxu şəhərlərin payına düşür. 2013-cü ildə şəhərlərdə bu yaşlı qadınlar tərəfindən 33, 2014-cü ildə 23, 2015-ci ildə 25 uşaq dünyaya gətirilib.
Ötən il 50 və daha yuxarı yaşda olan qadınlar tərəfindən doğulan uşaqların 25-i ananın 1-ci, 9-u 2-ci, 3-ü 3-cü, 1-i 4-cü uşağı olub.
Tehsil-press.az