
Tehsil-press.az universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə fakültənin dekanı, professor Tahir Süleymanov məlumat verib. Dekan bildirib ki, əczaçılığın tədrisində laboratoriyalar böyük önəm daşıyır. Əczaçılıq fakültəsinin kafedralarında uzun illər respublikamızın təbii sərvətlərinin tədqiq edilməsi, yeni vasitələrin yaradılması istiqamətində ayrı-ayrı planlar əsasında elmi-tədqiqat işləri aparılıb. Lakin bu işlərin praktikada tətbiqi müasir tələblərə cavab vermədiyi üçün fakültənin bir qrup əməkdaşı qrant layihəsinin alınması istiqamətində işlərə başlayıb və 2014-cü ilin yekunlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsinin qalibi olub. Layihənin əsas məqsədi respublikamızın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün müasir avadanlıqlarla təchiz edilmiş əczaçılıq laboratoriyalarının yaradılmasından ibarətdir.
Onun sözlərinə görə, hələlik fitokimyəvi, əczaçılıq texnologiyası və əczaçılıq kimyası standartlaşdırma laboratoriyaların yaradılması nəzərdə tutulub. Təbii mənbələrdən bioloji fəal maddələrin alınması fitokimyəvi laboratoriyada həyata keçiriləcək. Əczaçılıq texnologiyası laboratoriyasında bioloji fəal maddələr müxtəlif dərman formalarına salınacaq. Müxtəlif dərman formalarına salınmış bioloji fəal maddələrin keyfiyyətinə nəzarət üsulunun yaradılmasını əczaçılıq kimyası standartlaşdırma laboratoriyası həyata keçirəcək. Artıq hər 3 laboratoriya üçün avadanlıqlar alınıb.
T.Süleymanov qeyd edib ki, qrant layihəsinin müddəti iki ildir və 2017-ci ilin fevralında başa çatacaq. Hazırda işlərin 95 faizi yerinə yetirilib. Belə ki, laboratoriyalarda otaqların təmiri, avadanlıqların gətirilməsi və quraşdırılması, avadanlıqlara iş üzrə treninqlərin təşkili kimi işlər görülüb. Artıq bu laboratoriyalardan tələbələr və müəllimlər, eləcə də mütəxəssislər tədqiqat işləri aparmaq üçün rahat şəkildə istifadə edə bilirlər.
ATU-nun Mətbuat Xidməti