Oqtay Əsədov: 2017-ci ilin dövlət büdcəsi sosial yönümlülüyünü saxlayır

Oqtay Əsədov: 2017-ci ilin dövlət büdcəsi sosial yönümlülüyünü saxlayır Dünyanın əksər ölkələrinin iqtisadiyyatında inkişaf templərinin zəifləməsi, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib.
Tehsil-press.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dekabrın 6-da keçirilən plenar iclasında söyləyib.
Milli Məclisin sədri bildirib ki, ötən dövrdə dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklərin müşahidə edilməsi, neftin qiymətinin üç dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirləri gözləniləndən az olub. Mərkəzi Bankın humanitar siyasətində münasib düzəlişlər edilməsi zərurəti yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan verib. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlayıb.
Oqtay Əsədov qeyd edib ki, təqdim edilən büdcə zərfinə əsasən 2017-ci il və növbəti üç il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır. Bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaq. Müzakirəyə çıxarılan sənədlərdən göründüyü kimi, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş verib. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosialyönümlülüyü saxlanılır. Gələn il büdcədə sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsait istisna olmaqla, digər xərclərdə ixtisarlar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb.
Sədr vurğulayıb ki, növbəti ilin dövlət büdcəsi ilə bağlı əsas məqamlardan biri Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmaların artması və Dövlət Neft Fondundan transfertin azaldılmasıdır. Həmin transfertin məbləği 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər