“The American Spectator” erməni lobbisi və Ermənistanın müstəqilliyini itirməsi barədə yazır

“The American Spectator” erməni lobbisi və Ermənistanın müstəqilliyini itirməsi barədə yazır ABŞ-ın “The American Spectator” nəşri Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti, İsrailin “Wikistrat” Geostrateji Təhlil Agentliyinin baş analitiki, “Türkiyənin İsrail və Azərbaycan ilə ittifaqı: Yaxın Şərqdə və Qafqazda dövlətlərin identikliyi və təhlükəsizlik sistemi” kitabının müəllifi Aleksander Murinsonun “Erməni lobbisinin yeni seçilən Prezident Tramp ilə cüzi münasibətləri” adlı məqaləsini dərc edib.

Məqalədə erməni lobbisinin Birləşmiş Ştatların siyasi dairələrində fəaliyyətindən və ABŞ-ın yeni seçilən Prezidentinin administrasiyası üçün erməni səylərinin cazibəsizliyindən danışılır. Vaşinqtondakı siyasi sistemə toxunan müəllif yazır ki, hərgah erməni seçicilərin maraqlarını nəzərə almaq lazım olsa da, paradoks bu maraqların ABŞ-ın və hətta Ermənistanın maraqlarına zidd olmasıdır.
A.Murinson qeyd edir ki, ABŞ-dakı erməni lobbisi Ermənistanı Amerikanın Yaxın Şərqdəki mühüm müttəfiqi olan Türkiyəyə qarşı təhrik edərək və düşmənçiliyi dəstəkləyərək, Azərbaycanla dayanıqlı sülhün bərqərar edilməsinə qarşı fəaliyyət göstərərək, Ermənistanın digər dövlətlərdən asılılığını artırır, bununla da onu dövlət müstəqilliyini tam itirməyə sürükləyir. Bu, artıq ona gətirib çıxarıb ki, Ermənistanı korrupsiyaya uğramış hərbi diktatura idarə edir, ölkə iqtisadiyyatı uçuruma yuvarlanır və “beyin axını” baş verir.
Ekspert yazır ki, Kaliforniyada və digər ştatlarda rahat şəraitdə yaşayan erməni lobbisinin nümayəndələri Ermənistan üçün həqiqi müstəqilliyi əldə etmək üçün ən yaxşı şansın qonşuları ilə sülh və əməkdaşlığın qurulması olduğunu başa düşməlidirlər.
Erməni lobbisinin və ABŞ-ın maraqları arasında ziddiyyətlərə toxunan müəllif yazır ki, erməni qrupları Donald Trampın ABŞ prezidenti seçilməsinə qarşı kampaniya aparıblar. Müğənni Şer, Amerika televiziyasının “ulduz”u Kim Kardaşyan və Avropa İnsan Haqları Məhkəməsində Ermənistan hökumətinin maraqlarını müdafiə etmiş bədnam vəkil Amal Kluni Trampa qarşı kampaniyada fəal iştirak ediblər.
A.Murinson vurğulayır ki, Donald Tramp Amerikanın milli maraqlarına zidd olan lobbiçilərin “xüsusi maraqları”na məhəl qoymayacaq və ABŞ maraqlarına sadiq qalaraq, region siyasətində başqa yanaşmaya malik olacaq.
Müəllif, həmçinin yazır ki, ermənilər özlərini qalib göstərməyə nə qədər cəhd etsələr də, erməni lobbisi 2016-cı il seçkilərində məğlubiyyətə uğrayıb. Ermənipərəst senator Mark Kerkin, Konqresdə ermənipərəst tərəfdarların həmsədri Bob Doldun, ABŞ Senatına ermənipərəst namizəd Co Hekin və erməni mənşəli amerikalı Danni Tarkaniyanın iflası buna sübutdur.
Məqalənin sonunda A.Murinson yeni seçilmiş Prezident Trampın komandasını erməni lobbisinin maraqlarına məhəl qoymamağa və sülhə nail olmaq üçün Ermənistan və Azərbaycana kömək etməyə çağırır.

Tehsil-press.az

Oxşar xəbərlər