Xəzər Universitetinin “Dünya” məktəbində SAT test mərkəzi açılıb

Xəzər Universitetinin “Dünya” məktəbində SAT test mərkəzi açılıb Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbi artıq SAT imtahanlarının rəsmən keçirildiyi mərkəzlərdən birinə çevrilib.
“College Board” təşkilatının Beynəlxalq Bakalavriat Məktəbinə göndərdiyi məktubda 60 min 144 təsdiq kodu verilir və bildirilir ki, məktəbdə SAT imtahanlarının təşkil olunmasına rəsmən səlahiyyət verilir.
SAT dünyanın bir çox kollec və universitetlərində qəbul olunan standartlaşdırılmış test imtahanıdır. İmtahan riyaziyyat, tənqidi oxuma və yazı bölmələrindən ibarət olub şagirdlərin savadını, yazı, analitik və problem həlletmə bacarıqlarını qiymətləndirir. SAT imtahanları ABŞ-da yerləşən “College Board” qeyri-hökumət təşkilatı tərəfindən idarə olunur. “College Board” təşkilatının bildirdiyinə görə, “SAT imtahanları abituriyentlərə universitetə qəbul olunmaları üçün ilk addım atmaqda kömək edir. Test mərkəzinə çevrilməklə, həm şagirdləri SAT, SAT fənn testləri, həm də ali təhsilə hazırlıqla bağlı məlumatlandırmaq imkanı əldə edəcəksiniz.”
“Dünya” məktəbində ilk imtahan 2017-ci il yanvarın 21-də keçiriləcək. (Ünvan: Əcəmi Naxçıvani küç. 9).

Oxşar xəbərlər