ADPU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib

ADPU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dekabr ayının 16-da Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tədqiqatçı, tərcüməçi, naşir, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il noyabr ayının 19-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Rektor xalqımızın vətənpərvər oğlu Ceyhun Hacıbəylinin həyat və fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, görkəmli yazıçı, publisist, tədqiqatçı, tərcüməçi, ictimai-siyasi xadim, Azərbaycanın azadlığı uğrunda fəal mübarizə aparmış Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il fevral ayının 3-də Şuşa şəhərində anadan olmuşdur. Tanınmış bir nəslin övladı olan C.Hacıbəyli xalqımızın dahi mütəfəkkir oğlu Üzeyir Hacıbəylinin qardaşıdır. Onun uşaqlığı doğma Şuşada keçmiş, ilk təhsilini oradakı ikillik rus-türk məktəbində almış, sonra Bakıda orta məktəbi bitirmişdir.
C.Hacıbəyli 1909-cu ildə ali təhsil almaq məqsədilə Sank-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur. Milyonçu Murtuza Muxtarovun ayırdığı vəsait hesabına sonra o, Paris şəhərinə gedib məşhur Sorbonna Universitetində təhsilini davam etdirmişdir. Parisdə oxuduğu illərdə Bakıda çıxan "Kaspi", "Baku" qəzetlərində, eyni zamanda Parisdə nəşr olunan mətbuat orqanlarında bir-birindən maraqlı məqalələr dərc etdirmişdir. O, öz yazıları vasitəsilə Avropa xalqlarını və rusdilli oxucuları Azərbaycan ədəbiyyatı, dili, mətbuatı və incəsənəti ilə tanış etmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra “Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışan C.Hacıbəyli 1919-cu ilin yanvar ayında Versal Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil olmuş və bir vaxtlar təhsil aldığı Parisə yola düşmüşdür. Qeyd edək ki, Parisdə müxtəlif tədbirlərdə, konfransın işində yaxından iştirak edən nümayəndə heyətinin əsas vəzifəsi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini böyük Avropa dövlətlərinə tanıtmaq idi. Təəssüf ki, o vaxt dövlətimiz naminə səmərəli işlər aparan nümayəndə heyətinin səyi yarımçıq qaldı. 1920-ci il aprel ayının 28-də Azərbaycan XI ordu tərəfindən işğal olundu. Xalqımızın başına gələn bu faciədən sonra nümayəndə heyətinin bütün üzvləri, o cümlədən də C.Hacıbəyli bir daha Vətənə qayıtmadı və ömrünün sonuna qədər qürbət ölkədə yaşadı, xalqımız, millətimiz naminə yorulmadan çalışdı.
C.Hacıbəyli mühacirətdə yaşadığı dövrdə müxtəlif tədqiqat əsərləri də nəşr etdirmişdir. Onun 1930-cu ildə "Azərbaycan mətbuatı tarixi", 1933-cü ildə
"Qarabağ dialekti və folkloru" kitabları fransız dilində işıq üzü görmüşdür. Bu əsərin bir nüsxəsi Üzeyir Hacıbəylinin ev-muzeyində saxlanılır. C.Hacıbəylinin sonuncu tədqiqat əsəri isə "İslam əleyhinə propoqanda və onun Azərbaycandakı metodları" adlı kitabı olmuşdur. Əsər 1959-cu ildə Sovetlər Birliyini Öyrənmə İnstitutu tərəfindən nəşr edilmişdir. Bundan başqa o, "Mənim xəyallarım" əsərini də yazmışdır. Ömrünün son illərində isə keçmiş SSRİ-ni öyrənən institutun müxbir üzvü kimi fəaliyyət göstərmişdir.
C. Hacıbəyli 1962-ci il oktyabr ayının 22-də 71 yaşında vəfat etmişdir. Qədirbilən xalqımız onun xatirəsini əziz tutur.
Tədbirdə C.Hacıbəylinin həyat və yaradıcılığı haqqında danışan Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov və digərləri onu əsl vətəndaş, milli ədəbi-ictimai fikir tariximizə böyük töhfələr verən, xalqımızın zəngin mədəni irsinin dünyaya tanıdılması üçün səmərəli fəaliyyət göstərən, daim Azərbaycan uğrunda mübarizə aparan, siyasi cəhətdən yetkin bir ziyalı kimi səciyyələndiriblər.
Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov isə çıxışında tələbələrin elmi biliklərinin artmasına, dünyagörüşlərinin genişlənməsinə müsbət təsir edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.
Rektor Cəfər Cəfərov tədbirə yekun vuraraq tələbə-gənclərə Ceyhun Hacıbəylinin həyat və fəaliyyətini dərindən öyrənməyi tövsiyə edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilibADPU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilibADPU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilibADPU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan tədbir keçirilib

Oxşar xəbərlər