
Bu ali məktəbin “SABAH” qruplarının memarlıq ixtisası üzrə təhsil alan üçüncü kurs tələbəsi Təhminə Əzimzadə “Azercell”in təqaüd proqramının qalibi olub. O, bu proqrama “SABAH” qrupları rəhbərliyinin təşəbbüsü ilə qatılıb.
Tələbə Təqaüd Proqramının seçimləri ikimərhələli olub. Ötən il noyabrın 1-dən 10-dək davam edən birinci seçim mərhələsində tələbələrin online rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Bundan əlavə, tələbələr “Azercell”in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəs və s. meyarlar əsasında dəyərləndirilib.
Məlumat üçün qeyd edək ki, bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb.
AzMİU-nun Mətbuat Xidməti