Almaniya səfiri Sumqayıtda olub

Almaniya səfiri Sumqayıtda olub Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Sumqayıt şəhərinə səfər edib.

Səfirlikdən Təhsil-press.az-a verilən məlumata görə, səfər çərçivəsində səfir Sumqayıt şəhəri İcra Hakimiyyətinin başcısı Zakir Fərəcov və bələdiyyə sədri Sultan Əsədovla görüşüb və Azərbaycanın üçüncü böyük şəhərinin inkişafı və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparıb.
Səfir Sumqayıtda alman şirkətləri ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən iki müəssisənin iqtisadi potensialı ilə tanış olub. "BASF Caspian" şirkətinin direktoru Azərbaycan bazarında olan planları haqqında təqdimat edib.
M.Kindsqrab "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, deputat Muxtar Babayev və "Uniper" alman enerji konserninin vitse-prezidenti Uve Fiplə birlikdə SOCAR və "Uniper" şirkətlərinin birgə lahiyəsi olan qaz turbinli elektik stansiyasına baş çəkib. Bu birgə layihənin əsası 2016-cı ilin may ayında qoyulub və layihənin əsas məqsədi Azərbaycanda qaz turbinli elektrik stansiyada buxar və elektrik istehsalı zamanı enerji effektivliyinin artırılması və atmosferə atılan karbon qazlarının azaldılmasıdır.
Sumqayıt Azərbaycanda yeganə şəhərdir ki, Almaniya şəhərlərindən biri ilə (Lüdviqshafen) şəhərlərin əməkdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu ilin may ayında bu əməkdaşlığın 40 illik yubileyi qeyd ediləcək. Şəhərlərin əməkdaşlığı proqramı çərçivəsində yaradılan Sumqayıt dil mərkəzi səfir M.Kindsqrabı çay süfrəsinə dəvət edib. Dil mərkəzinin rəhbəri, Mina Rzayeva 10 ildən artıq fəaliyyət göstərən mərkəz haqqında təqdimat edib. Sonra səfir məktəblərarası mübadilə proqramı əsasında bir il müddətinə Sumqayıt məktəbində təhsil alan şagirdlər və bu proqramın məzunu olmuş azərbaycanlı şagirdlərlə söhbət edib. Səfir Sumqayıt Paralimpiya idman kompleksində Azərbaycan milli paralimpiya idman komandasının məşqçiləri ilə də görüşüb. Görüşlərlə zəngin Sumqayıt səfərinin sonunda cüdo üzrə çoxqat avropa və dünya çempionu, görmə əngəlli İlham Zəkiyevlə də söhbət olub.
M.Kindsqrab 2016-cı ilin avqust ayından Almaniyanın Bakıdakı səfiridir. Səfir diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Təhsil-press.az

Oxşar xəbərlər