“Amerika guşələri” regionların mərkəzi kitabxanalarında da fəaliyyət göstərəcək

“Amerika guşələri” regionların mərkəzi kitabxanalarında da fəaliyyət göstərəcək Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzinin region “Amerika guşələri” 2017-2020-ci illərdə Azərbaycanın regionlarının mərkəzi kitabxanalarında ictimai informasiya və fəaliyyət mərkəzləri kimi də fəaliyyət göstərəcək.
Müvafiq proqram həmçinin ictimaiyyət üçün ingilis dili klublarının sistemli şəkildə təşkilini, Amerika mərkəzlərində maarifləndirmə məqsədi ilə geniş ictimaiyyət üçün mədəni proqramların keçirilməsini, ABŞ-da təhsil ilə bağlı müxtəlif təqdimatları, fərdi və qrup şəklində məsləhətlərin verilməsini, Bakı Amerika Mərkəzində və başqa yerlərdə keçirilən təhsil və iş yarmarkaları haqqında məlumatların verilməsini, ingilis dili müəllimləri üçün internet şəbəkəsi vasitəsilə ABŞ-dan birbaşa vebinarların, distant seminarların keçirilməsini nəzərdə tutur. Bununla yanaşı, müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil və təcrübə keçmiş məzunlarla maarifləndirici proqramlar keçiriləcək, “Amerikaşünaslıq” və “İkitərəfli əlaqələr: ABŞ-Azərbaycan” istiqaməti, eləcə də Amerika mərkəzlərinin üzərinə düşən missiya gücləndiriləcək və inkişaf etdiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 aprel 2017-ci ildə verdiyi fərmana əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” Proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər