İslam Mədəniyyəti Mərkəzinin təşkilində Azərbaycan təcrübəsi Özbəkistan üçün maraqlıdır

İslam Mədəniyyəti Mərkəzinin təşkilində Azərbaycan təcrübəsi Özbəkistan üçün maraqlıdır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə AMEA-nın tarixi və keçdiyi inkişaf yolundan söhbət açan akademik Akif Əlizadə geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan danışıb. O, həmçinin palçıq vulkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlər, habelə AMEA-nın dünyanın nüfuzlu elmi mərkəzləri ilə əməkdaşlığı barədə məlumat verib. Qeyd edilib ki, akademiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə sıx əməkdaşlıq edir. Eləcə də multikulturalizm problemlərinə, elm və din arasında qarşılıqlı əlaqələrə həsr olunmuş birgə beynəlxalq konfranslar təşkil edir.
Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətindən bəhs edən akademik son illər akademiyada elmin kommersiyalaşdırılması məqsədilə müxtəlif innovasiyayönümlü layihələrin həyata keçirildiyini deyib.
Görüşdə iştirak edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda heç vaxt dini, milli ayrı-seçkilik olmayıb və bu sahədə mövcud vəziyyətin qorunub saxlanılmasına dair müvafiq dövlət strukturları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub.
Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, elmi və mədəni sahələrdə əlaqələrin inkişafından danışan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkələrimizin müvafiq təşkilatlarının əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Səfərin AMEA-nın fəaliyyəti ilə tanışlıq məqsədi daşıdığını bildirən A.Yusupov təcrübə və bilik mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Özbəkistanda İslam Mədəniyyəti Mərkəzinin təşkilinin nəzərdə tutulduğunu deyən qonaq Azərbaycanın bu sahədəki təcrübəsinin onlara maraqlı olduğunu qeyd edib. Cari ilin oktyabrında İslam həmrəyliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını bildirən A.Yusupov AMEA rəhbərliyini bu tədbirə dəvət edib.
Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və başqaları iştirak ediblər.

Kəmalə Rəhimli

Oxşar xəbərlər