Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin iki startap layihəsi qrant qazanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələrinin iki startap layihəsi qrant qazanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbələrinin iki layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibi olub.
Elektron xidmətlərin inkişafı, infrastrukturun təkmilləşdirilməsi, innovativ həllər üzrə layihələrin qəbul edildiyi bu qrant müsabiqəsində ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbələrinin General Reporting Platform (GRP) – orta və ali məktəblərdə dərs və imtahanların gedişi ilə bağlı bildiriş sistemi, CamTouch – proyeksiya olunan istənilən səthi ağıllı lövhəyə çevirən qurğu layihələri müvafiq olaraq 11 min və 12 min manat məbləğində qrant mükafatına layiq görülüb.
Qeyd edək ki, ötən il də ADNSU-nun Magic Words, Smart Keyboard, Comfortab layihələri fond tərəfindən müvafiq olaraq 15 min, 12 min və 10 min manat məbləğində qrant qazanıb.
Artıq beşinci dəfədir ki, keçirilən bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim edilib və onlardan 71-i müsbət rəy alıb.
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib. Bu layihələrə ümumilikdə 242 min manat qrant vəsaiti ayrılıb.
ADNSU-nun nəzdində startap məktəbi və biznes inkubatoru olan “eazi START” Startap və İnnovasiya Mərkəzi 2015-ci ilin sonlarında yaradılıb. 2016-cı ilin yanvarında burada ilk təlimlərə başlanılıb. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi və tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları fəal iştirak ediblər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər