İzmirdə Türkiyə-Azərbaycan Coğrafiya Günləri keçiriləcək

İzmirdə Türkiyə-Azərbaycan Coğrafiya Günləri keçiriləcək Bu il oktyabrın 23-dən 27-dək İzmir şəhərində Türkiyə-Azərbaycan Coğrafiya Günləri keçiriləcək. Hazırda bununla əlaqədar Türkiyəyə səfərə hazırlaşırıq.
Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib.
Akademik qeyd edib ki, Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C.Ege Universiteti ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə bu il iyunun 1-dən 5-dək Bakıda Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilib. Türkiyəli həmkarlarımız öz ölkələrinin coğrafiyasında (landşaftı, relyefi, hidrologiyası, ekoloji şəraiti, demoqrafiyası, əhali məskunlaşması, turizmi və s.) aparılan tədqiqatlar barədə məlumat verməklə bizi Türkiyənin coğrafiyası ilə tanış etdilər. Eynilə bizim institutun əməkdaşları da sadaladığım mövzularda türkiyəli həmkarlarımıza Azərbaycan coğrafiyasını təqdim etdilər.
R.Məmmədov deyib: “Əslində bu, Türkiyə və Azərbaycan coğrafiyaçılarının ilk görüşü və tanışlığı idi. Əlbəttə, biz bundan əvvəl müxtəlif beynəlxalq toplantılarda görüşüb fikir mübadiləsi aparmışdıq. Ancaq bu görüş bizi bir-birimizi daha yaxından tanımağa imkan verdi”.

Tehsil-press.az

Oxşar xəbərlər