Azərbaycanda nazirlər niyə gizlənir?

Azərbaycanda nazirlər niyə gizlənir? Azərbaycan mediası məmurlarla təmas problemi yaşamaqdadır. İctimai maraq kəsb edən hansısa bir mövzuda nazirləri, komitə, agentlik rəhbərlərini danışdırmaq müşkül bir işə çevrilib. Hansı quruma üz tuturuq, ən yaxşı halda mətbuat xidmətinin rəhbəri sualları yazılı götürəcək, ən tezi 1 həftəyə onları cavablandıracaq. Bir çox qurumların mətbuat katibləri isə heç bunu da etmirlər.
“Yeni Müsavat”ın yazdığına görə, əvvəllər müxtəlif qurumlar tərəfindən azı ildə bir dəfə hesabat xarakterli mətbuat konfransları keçirilir, jurnalistlər onları maraqlandıran sualları birbaşa nazirlərə, yaxud digər rəhbər şəxslərə verə bilirdilər. Yaxud belə imkan hakim Yeni Azərbaycan Partiyasının qərargahında yaradılırdı: burada müntəzəm olaraq rəhbər şəxslərin jurnalistlərlə canlı ünsiyyəti üçün imkan yaradan konfranslar təşkil edilirdi. Lakin neçə illərdir jurnalistlər bu imkandan da məhrum olublar.
Milli Məclisə akkreditasiya olmuş həmkarlarımızın dediyinə görə, daha büdcə müzakirələri günlərində parlamentə gələn məmurlar da jurnalistlərin olduğu tərəflərdən keçmirlər - iclas zalına arxa qapıdan gəlib, oradan da gedirlər.
Bu şəraitdə jurnalistlərin hansısa nazir, komitə sədri və ya digər rəhbər şəxslə təmas imkanı yalnız açıq havada keçirilən kütləvi tədbirlər zamanı yaranır.
Məmurları mediadan uzaq salan nədir? Bu vəziyyətin hər iki tərəf üçün hansı təsirləri var?
Parlament Jurnalistlər Birilyinin sədri, modern.az saytının rəhbəri Elşad Eyvazlı hesab edir ki, ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin mətbuatdan yayınması həm media üçün, həm də həmin qurumun özü üçün zərərlidir: “Nəticədə hər iki tərəf itirir. Məncə, məhz buna görədir ki, dedi-qodu, yalan-doğru baş alıb gedir. Məsələn, elə məmurlar var ki, fəaliyyətləri, gördükləri işlər pozitivdir. Sadəcə, görülən işlərin cəmiyyətə çatdırılmasında maraqlı görünmürlər. Ola bilsin ki, öz işlərini yerinə yetirə bilməyən nazirlər, komitə rəhbərləri onlara ”yaxşı baxmayacaq" kimi yanaşmalardan ehtiyat edirlər. Sanki bizdə bir məmur-jurnalist qəbuledilməzliyi var".
Birlik rəhbərinin fikrincə, görülən işlərin cəmiyyətə çatdırılması, neqativ halların aradan qaldırılması, dedi-qodu, yalan məlumatların yayılmaması üçün mütləq dövlət qurumlarının rəhbərləri jurnalistlərdən yayınmamalı, mətbuat katiblərini mediadan uzaq tutmamalıdırlar. E.Eyvazlı deyir ki, hər halda bir jurnalist təşkilatının, bir saytın rəhbəri kimi hakim partiyada əvvəlki ənənələrin bərpa olunmasını çox istəyir.

Tehsil-press.az



Oxşar xəbərlər