Bakı Ali Neft Məktəbinin iki tələbəsi “İlin tələbəsi” adına layiq görülüb

Bakı Ali Neft Məktəbinin iki tələbəsi “İlin tələbəsi” adına layiq görülüb Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi - kimya mühəndisliyi ixtisası üzrə təhsil alan dördüncü kurs tələbəsi Nərmin Abdullazadə və neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan beşinci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər.
Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar rektor Elmar Qasımov tərəfindən tələbələrə təqdim edilib.
2012-ci ildən neft-qaz sektoru üzrə kadr hazırlığında dünyanın aparıcı ali məktəblərindən olan Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edən BANM-də təhsil həmin universitetin tədris proqramları əsasında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində BANM-in kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə imtahanlar Heriot-Vattı Universitetinin məsul mütəxəssisləri tərəfindən aparılıb. Nəticədə, Heriot-Vatt Universiteti bütün filiallarında və tərəfdaş universitetlərdə il ərzində akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən tələbələr arasında BANM-in iki tələbəsini seçərək mükafatlandırıb.
N.Abdullazadə semestr imtahanlarının nəticələrinə əsasən 50 nəfər arasından Heriot-Vatt Universitetinin tələbəsi kimi seçilərək ikili diplom proqramına qoşulmuş 21 tələbədən biridir. Heriot-Vatt Universitetinin keçirdiyi imtahanlarda ortalama balına görə isə həmişə ilk beşlikdə olub. O, həmçinin ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda məruzələrlə çıxış edib. BANM-də təhsil aldığı müddətdə müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçib.
R.Nəzərəliyev 2009-2010-cu illərdə kimya fənni üzrə keçirilən respublika fənn olimpiadasında birinci yeri tutub. O, ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda məruzələrlə çıxış edib, BP-də təcrübə və yay kursu keçib.
Qeyd edək ki, N.Abdullazadə Bakı Ali Neft Məktəbinə 652, R.Nəzərəliyev isə 677 balla daxil olublar.

Hikmət Əliyev

Oxşar xəbərlər