Bakı Şəhəri üzrə Təhsil İdarəsində beynəlxalq seminar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsində beynəlxalq seminar keçirilir Martın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Keyfiyyətin təminatı–sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası” mövzusunda beynəlxalq seminar işə başlayıb.
Seminarda BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, Almaniya və Hollandiyadan olan təhsil ekspertləri Anke Köhler və Herman Fransse, paytaxtın ümumtəhsil müəssisələrinin direktorları və Təhsil İnstitutunun ekspertləri iştirak edirlər.
Üçgünlük seminarın keçirilməsinin əsas məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək, Azərbaycan məktəblərində qiymətləndirmə metodikası və qaydalarının təkmilləşdirilməsinə kömək göstərməkdir.
Seminar iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və tədqiqatları, formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanışlıq imkanı qazanıblar.
Tədbirdə qonaqlar məktəb idarəetməsinə dair təqdimatlarla çıxış edib, BŞTİ ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında böyük əhəmiyyət daşıdığı qeyd olunub.
Seminar martın 29-da başa çatacaq.

Kəmalə Rəhimli

Oxşar xəbərlər