Bakı Şəhəri üzrə Təhsil İdarəsində könüllülərə arayışlar təqdim olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində könüllülərə arayışlar təqdim olunub Noyabrın 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) ikinci könüllülük proqramında iştirak etmiş 25 gəncə arayışlar təqdim olunub.
BŞTİ-dən tehsil-press.az-a bildirilib ki, könüllüləri təbrik edən idarənin nümayəndələri onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmaqlarından asılı olmayaraq uğur qazanacaqlarına inandıqlarını söyləyiblər.
Onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən gənclər könüllü kimi üç aylıq fəaliyyətləri dövründə ixtisasları üzrə və ümumi dünya görüşlərinin inkişafı baxımından müsbət təcrübə qazandıqlarını bildiriblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq üç ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. Xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər BŞTİ-nin müxtəlif sektorlarında üç ay təcrübə keçmək imkanı qazanıblar. Bu günədək həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqram əsasında isə 25 nəfər iştirak edib. Onlardan 11-i hazırda BŞTİ-nin əməkdaşı kimi fəaliyyət göstərir.
Hazırda davam edən üçüncü könüllülük proqramı üzrə 304 nəfər müraciət edib. Hələlik onlardan təxminən 100 nəfəri müsahibəyə dəvət olunub. Müsahibədən müsbət nəticə əldə edən iyirmi nəfər müvafiq sektorlarda fəaliyyətə başlayıb.


Oxşar xəbərlər