Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir Aprelin 11-də səhər saat 8.00-da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Zəruri avadanlıqla təmin edilmiş məntəqələrə 5 milyon 347 min 803 seçki bülleteni paylanılıb.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü beş dəfə - saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.
Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir.
Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.

Tehsil-press.az

Oxşar xəbərlər