BDU-da “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin qalibləri mükafatlandırılıblar

BDU-da “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin qalibləri mükafatlandırılıblar Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə 17-ci dünya “Çin dili körpüsü” beynəlxalq müsabiqəsinin seçim və Azərbaycan üzrə dördüncü - final mərhələsi keçirilib.
BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən təşkil olunmuş müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında Çin dilinə marağı artırmaqdır.
Tədbirdə BDU rektorunun ümumi məsələlər üzrə müşaviri İsmayıl Əliyev çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Bildirilib ki, əhalisinin sayına görə Çin dünyada birinci yeri tutur.
Rektorun müşaviri BDU-da şərq dillərinin, o cümlədən Çin dilinin uğurla tədris edildiyini vurğulayıb.
Universitetin nəzdində yaradılmış Konfutsi İnstitutunun səmərəli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
BDU-nun şərqşünaslıq fakültəsində 2004-cü ildən Çin dilinin tədris olunduğunu qeyd edən İ.Əliyev deyib ki, son 10 ildə bu kafedradan 85 nəfər məzun olub. Universitetin nəzdində Konfutsi İnstitutunun fəaliyyətindən söz açan rektorun müşaviri bu mərkəzlərin əsas məqsədinin azərbaycanlılara Çin dili və mədəniyyətini aşılamaq olduğunu söyləyib. Azərbaycanlı tələbələrin Çində təhsil aldıqlarını qeyd edən İ.Əliyev ölkəmizdə Çin dilinə marağın artdığını bildirib.
Çinin Azərbaycandakı səfiri Vey Cinhua vurğulayıb ki, dil xalqların bir-birini anlamasında çox vacib rol oynayır. Dahi Nizami Gəncəvinin sözə verdiyi önəmi xatırladan diplomat Azərbaycanda yaşadığı iki il ərzində Çin dilində danışanların sayının artdığını deyib. Səfir buna görə BDU-da və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Konfutsi institutlarının müəllim və tələbələrinə təşəkkürünü bildirib. V.Cinhua deyib: “Yeni İpək Yolu Çin və Azərbaycan xalqları arasında daha sıx əlaqələrin qurulmasında böyük rol oynayır. Bizim hamımız bir planetdə, ümumi səma altında və eyni torpaq üzərində yaşayırıq. Yalnız birlikdə planetimizi böyük bir ailəyə çevirə bilərik. “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan ilə Çin arasında möhkəm körpüyə çevrilməsini arzulayıram”.
Sonra “Çin dili körpüsü” müsabiqəsinin finalına çıxmış səkkiz tələbə Çin dilində özləri barədə tədbir iştirakçılarına məlumat veriblər.
Səfir V.Cinhua iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Çinli diplomat bildirib ki, ölkələrimiz arasındakı əlaqələr qədim tarixə malikdir. Bu münasibətlər təhsil sahəsində də sürətlə inkişaf edir. BDU-nun nəzdindəki Konfutsi İnstitutu müvafiq istiqamətdə əlaqələrin inkişafına töhfəsini verməkdədir.
Daha sonra müsabiqə keçirilib və qaliblər müəyyənləşdirilib. Münsiflər heyətinin qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Sona Əhmədli birinci, Afət Məmmədova ikinci və Bakı Dövlət Universitetinin tələbəsi Tuqay Bağırov üçüncü yerə layiq görülüblər. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.
Müsabiqənin şərtlərinə əsasən, qalib Çində keçiriləcək 17-ci ümumdünya “Çin dili körpüsü” müsabiqəsində ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, “Çin dili körpüsü” müsabiqəsinə hər il 70-dən çox ölkədən tələbələr qatılırlar.

Hikmət Əliyev


BDU-da “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin qalibləri mükafatlandırılıblarBDU-da “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə final mərhələsinin qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər