Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar Mayın 15-də Təhsil Nazirliyi tərəfindən respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev respublika fənn olimpiadalarının nəticələri barədə təqdimatla çıxış edib. Bildirilib ki, respublika fənn olimpiadaları səkkiz fənn - Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix üzrə 9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7 və 8-ci sinif şagirdlərindən də 9-cu siniflərlə yanaşı, bilik və bacarığını nümayiş etdirənlər olub.
Olimpiadaların nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, 276 nəfər, ümumilikdə isə Naxçıvan daxil olmaqla 298 nəfər qalib elan olunub.
Təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, Prezident İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb.
Nazir ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. Respublika fənn olimpiadaları ilə bağlı fikirlərini bildirən C.Bayramov 33 mindən çox şagirdin iştirak etdiyi fənn olimpiadalarının artıq elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Nazir bildirib ki, bu il respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakının, 141-i isə digər bölgələrin payına düşür.
Beynəlxalq olimpiadalarda nəticələrin ilbəil yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini söyləyən C.Bayramov deyib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son beş il ərzində isə məktəblilər üçü qızıl, 21-i gümüş və 85-i bürünc olmaqla, ümumilikdə 109 medal qazanıblar.
Olimpiada qalibləri ilə bağlı yeni təşəbbüsün olduğunu diqqətə çatdıran nazir bildirib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Tədbirdə respublika fənn olimpiadaları iştirakçılarının fikirlərinin və vaxtilə olimpiadalarda iştirak edən, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx göstərilib.
Sonra qaliblərə mükafatlar təqdim edilib.
Olimpiadaların keçirilməsinin məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.
Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə keçirilir.

Kəmalə Rəhimli


Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblarRespublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblarRespublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblarRespublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər