Gürcüstanda azərbaycanlı tələbə kazinoya görə intihar edib? - Açıqlama

Gürcüstanda azərbaycanlı tələbə kazinoya görə intihar edib? - Açıqlama Bir neçə gün bundan qabaq Gürcüstanda təhsil alan azərbaycanlı tələbə intihar edib. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadə Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olub.
Tələbənin intihar etməsinə səbəb kazinoda çoxlu miqdarda pul uduzmasıdır. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında tələbənin kazinoda uduzması məsələsindən xəbərdar olduğunu deyib.
“Daxili İşlər Nazirliyinin tam versiyası o deyil ki, bu tələbə məhz kazinoya görə intihar edib. Sadəcə, belə fikirlər dolaşır. Hər halda, rəsmi açıqlama olacaq. Çünki istintaq gedir. İstintaqın açıqlamasından sonra intiharın səbəbləri bəlli olacaq”.
Azər Süleymanov onu da bildirib ki, kazino Gürcüstanda normal qəbul olunur.
“Azərbaycandan 5 minə yaxın tələbə Gürcüstanda təhsil alır. Deputat olaraq onların hamısı ilə görüşmək imkanımız yoxdur. Amma bir çox cəmiyyətlərimiz tələbələrimizlə sıx əlaqədədir.
Təbii, bura gələn tələbələrin içində kazino meyllisi də ola bilər. Gürcüstan müstəqil dövlətdir. Kazinoların fəaliyyətinə icazə verdiyinə görə kimsə ona yasaq qoya bilməz. Gürcüstana çoxlu sayda turist gəlir ki, onların da bir neçə faizi məhz kazino üçün gəlir. İstər Batumidə, istərsə də Tbilisi kazinolar fəaliyyət göstərir.
Bu da Gürcüstanda normal qəbul edilir. Biz əleyhinə olsaq da, Gürcüstan iqtisadiyyatı onun üzərində qurulub. Üstəlik, kazino rəhbərləri ora gələn insanlar barədə açıqlama vermir”.

Tehsil-press.az

Oxşar xəbərlər