Şərəfli müəllim ömnrü

Şərəfli müəllim ömnrü
Atam məni göydən yerə endirdi. Müəllim yerdən göyə qaldırdı.
Platon


Müəllim işıqlı bir varlıq kimi
Elmin sirlərini bizə öyrədir.
Müəllim o nurlu gözəl qəlbindən
Bizim qəlbimizə sevgi çiləyir.


Müəllim ruhun tərbiyəsidir deyirlər. Müəllim adı ən uca, ən müqəddəs addır. Çünki uşaq və gənclərin mənəviyyatını formalaşdıran, onlara elm, bilik verib kamil şəxsiyyət səviyyəsinə çatdıran məhz elə şərəfli peşə sahibləri olan müəllimlərimizdir. Ömrünü, gününü bu müqəddəs peşəyə həsr edən müəllimlərimizdən biri də Xətai rayon R. Məmmədov adına 269 saylı məktəbin ingilis dili müəllimi Dünya Əzimovadır.
Əzimova Dünya İdris qızı Şəmkir rayonunun Zəyəm qəsəbəsində zəhmətkeş ailədə dünyaya göz açıb. Ailədə iki bacı olublar. Atası İdris kişi, anası Nəzakət xanım övladlarını halallıqla, zəhmətlə böyüdərək tərbiyə vermiş, hər zaman zəhmətlə yaşamağı tövsiyə etmişlər. Dünya xanım 1960-cı ildə Zəyəm kənd orta məktəbinə getmiş, 1970-ci ildə orta təhsilini başa vurmuşdur. Arzusu jurnalist olmaq olsa da, ingilis dilinə də maraq göstərmişdir. Məktəb illərində bilik və bacarığı, nümunəvi davranışı ilə müəllimlərinin sevimlisi olmuşdur. İngilis dilinə olan həvəsi 1978-ci ildə onu Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna(indiki Azərbaycan Dillər Universiteti) gətirib çıxarır. Tələbə adını qazanan Dünya müəllim 1983-cü ildə ali məktəbi başa vurub, 1985-ci ildə Niyazi müəllimlə ailə həyatı qurur. O, pedaqoji fəaliyyətinə 1994-cü ildə Bakı şəhər 3 N li orta məktəbdən başlayıb. 1997-ci ildən isə 269 saylı orta məktəbdə çalışır. Şagirdlərin, kollektivin sevimlisidir Dünya müəllim. O, şagirdlərə ingilis dilini ana dilimizlə yanaşı sevə- sevə öyrədir. Dünya müəllim söyləyir: Belə bir misal var: nə qədər dil bilsən, o qədər adamsan. Əlbəttə bu belədir. Mən də çalışdığım illər ərzində hər zaman şagirdlərimə tədris etdiyim fənni sevdirməyə, ingilis dilini öyrətməyə çalışıram. Bunu da qeyd edirəm ki, öz doğma dilini sevməyən, onu öyrənməyən başqa dilləri də sevə, öyrənə bilməz. Bizim dövlət dilimiz ana dilimizdir. Analarımızın, nənələrimizin beşiyimiz başında iliyimizə, qanımıza laylaları ilə hopdurduğu Azərbaycan dilidir. Bu dil bizi dünyaya gətirən anamızın dilidir.
Daim yenilik axtarışında olan, öz üzərində çalışmağa səy göstərən Dünya müəllim bilik və bacarığını təkmilləşdirməkdən ötrü bir sıra kurslarda, təlimlərdə iştirak edib I yerə layiq görülmüş, sertifikat almışdır. O, məktəbin ictimai işlərində də hər zaman yaxından iştirak edir. Müxtəlif tədbirlərin təşkilatçısı olub. Məktəbin direktoru əməkdar müəllim Alla Vəzirova, müəllim şagird və valideynlər ondan razılıq edirlər. Dərs dediyi şagirdlərin sorağı ali təhsil ocaqlarından gəlir. Dünya müəllim onlarla fəxr edir. Axı şagirdlərinin hər birinin uğurunda sevimli müəllimlərinin də zəhməti az deyil.
Dünya Əzimova XI b sinfinin sinif rəhbəridir. Bu il sinfinin şagirdləri orta məktəbdən ayrılıb ali təhsil ocaqlarına imtahan verəcəklər. O, tələbə adını qazanmaq istəyən balaları qədər sevdiyi şagirdlərinə uğurlar diləyir, tələbə adını qazanmaqları günü səbirsizliklə gözləyir. İnşallah şagirdləriniz sizin və valideynlərinin üzünü ağ edib Vətənimizə layiqli övladlar olarlar.
Dünya müəllimin gözəl ailəsi, Tural, Aysel adlı övladları, Əsmanur adlı nəvəsi var. Tural, Bülbül adına orta ixtisas musiqi məktəbinə getmiş, sonra isə İncəsənət Universitetin muğam şöbəsinə təhsil alaraq Qəzənfər Abbasovun tələbəsi olmuşdur. O, vaxtaşırı televiziya kanallarında çıxış edərək gözəl ifası ilə tamaşaçıların könlünü oxşayır. Aysel isə Azəbaycan Biznes Universitetində təhsil alıb əsil Azərbaycan xanımlarına xas xüsusiyyətlərə malik olan Dünya müəllim dərsdən evə yorğun qayıdanda üstünə qaçan körpə şirin- şəkər nəvəsi Əsmanuru qucağına alıb bağrına basdığı zaman sanki bütün yorğunluğu çıxır. O, çalışdığı illər ərzində bir neçə uğurlar əldə edib. Bu günlərə uğurlarının üzərinə bir uğur da əlavə oldu. D. Əzimvoa pedaqoji fəaliyyətindəki uğurlarına görə “Əsrin ziyalıları” XİB i tərəfindən “Əsrin Ziyalıları-Ən yaxşı müəllim” fəxri diplomu ilə təltif olunub.
Bu münasibətlə Dünya müəllimi ürəkdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar diləyirik. Şagirdlərinizin minnətdarlıq dolu baxışları hər zaman mükafatınız olsun, Dünya müəllim

Kəmalə Rəhimli
“Qızıl qələm” mükafatçısı


Şərəfli müəllim ömnrü

Şərəfli müəllim ömnrü

Oxşar xəbərlər