5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Təhsil-tərbiyənin bütün pillələrində olduğu kimi məktəbdə də pedaqoji fəaliyyətin mərkəzində müəllim durur.
Müəllim cəmiyyətin güzgüsüdür. Müəllim mənəvi zənginlik, əxlaqi saflıq, vətənpərvərlik kimi yüksək keyfiyyətlərə malik olmalı, sözün əsl mənasında, şəxsi nümunə göstərməlidir. Müəllimin vəzifəsi yenilikləri mənimsəmək, mürəkkəb olan tərbiyə işində ondan uğurla istifadə etməkdir.
Müəllim öz işini və yetirmələrini sevməli, reativliyi, möhkəm iradə və əqidəsi, vətəndaşlıq ideyası ilə seçilməli, fəninin tədrisi metodikasını, pedaqogika və psixologiyanı dərindən bilməli, pedaqoji qabiliyyətlərini daim inkişaf etdirməlidir.
Hər bir müasir müəllim öz ixrisasını, tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı, yüksək intellektə sahib olmalı, İKT bilik və bacarıqlarına yiyələnməli, müasir metod və üsullardan istifadə etməyi bacarmalıdır.
İlk dəfə məktəbə qədəm qoyan şagirdin təlim-tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi və nəhayət, bir şəxsiyyət kimi formalaşması məhz müəllimin öhdəsinə düşür.
Müasir müəllim qarşısındakı şağirdin gələcəyini görməyi də bacarmalıdır.
Müəllim şagirddə tədqiqatçılığa maraq oyatmalı, onlarda yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi bacarmalıdır. O, sinifdə şagirdlərə münasibətdə nikbin, gümrah, yaradıcılıq əhvali-ruhiyyəsi yaratmağı bacarmalıdır. Klassik pedaqogikanın görkəmli nümayəndələrindən olan Fridrix Vilheım Adolf Disterverq XIX əsrdə yazırdı ki, şagirdləri seyrçiliyə, passivliyə alışdıran hər hansı metod pisdir, özfəaliyyət, müstəqil çalışmaq vərdişi aşılayan hər hansı metod isə yaxşıdır. Böyük pedaqoq şagirdlərin əqli qabiliyyətlərini fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi hesab edərək, deyirdi ki, pis müəllim həqiqəti elan edir, yaxşı müəllim isə onu tapmaq yollarını öyrədir. Deməli, müəllim şagirdlərə müəyyən bilikləri öyrətməklə yanaşı, onları öz üzərində işləməyə, biliyi axtarıb tapmağa da alışdırmalı, onlarda daxili motivasiya formalaşmasına çalışmalıdır. Hər bir şagird məktəbə bir fərd kimi gəlir. Elə zərui şərtlərdən biri də şagird şəxsiyyəti və onun nəzərə alınmasıdır. Müasir şagirdlərin diqqətini daha çox maraq effekti cəlb edir. Belə olan təqdirdə müəllim şagirdin fərdi intelektual maraq və ehtiyaclarını əsas götürməlidir. Təlim materiallarının seçilməsində, dərs məşğələlərinin qurulmasında şagird amilini ön planda saxlamalıdır. Müəllim şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf etməlidir.
Şagirdin cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasını təmin etmək hər bir müəllimin borcudur.

Nəzakət Əsgərova
Humanitar təmayüllü məktəb-
liseyin direktoru

Oxşar xəbərlər