AMEA “YT Park”da da zirehli jiletlərin və aksesuarların təqdimatı keçirilib

AMEA “YT Park”da da zirehli jiletlərin və aksesuarların təqdimatı keçirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (“YT Park”) rezidenti “Buta Armor” MMC tərəfindən zirehli jiletlərin və aksesuarların təqdimat mərasimi keçirilib.
“YT Park”ın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov park haqqında məlumat verib. Bildirilib ki, parkın yaradılmasının əsas məqsədi iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.
Son zamanlarda “YT Park”da müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələrin həyata keçirildiyini deyən N.Şükürov istehsal edilən bəzi məhsulların tezliklə bazara çıxarılmasının nəzərdə tutulduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev akademiyanın biliklər iqtisadiyyatının qurulması istiqamətindəki islahatlarından söz açıb, burada innovasiya fəaliyyətinin səmərəli mexanizm əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini bildirib. Bu məqsədlə islahatların davam etdirildiyini deyən akademik elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü söyləyib.
Akademiyanın işlər idarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev bildirib ki, son illərdə “YT Park”ın imkanları sayəsində Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanması üçün əlverişli mühit formalaşıb, elm-sənaye-dövlət üçbucağı yaranıb. F.Abdullayev hazırda parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlandığını, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payının artırılmasında önəmli işlərin görüldüyünü söyləyib.
“EPC Group” MMC-nin prezidenti Reza Vəziri isə çıxışında elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərə nailiyyətlər arzulayıb.
Tədbirdə Bolqarıstanın ölkəmizdəki səfiri vəzifəsini icra edən Yanko Yanakiev və Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov çıxış edərək iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu, bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağını bildiriblər.
Daha sonra “Mars Armor” Ltd şirkətinin direktoru Plamen Taşkov rəhbərlik etdiyi qurum haqqında məlumat verib, zirehli jiletlərin məhsul çeşidləri və istehsal prosesini diqqətə çatdırıb. O, dünya standartlarına cavab verən zirehli jiletlərin və aksesuarların istehsalının nəzərdə tutulduğunu söyləyib.
Sonda qonaqların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər